Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli "Reproduktiv sağlamlıq haqqında qanun"un qəbul olunmamasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, süni mayalanma sahəsində klinik protokolların olmaması bu sahədə ciddi boşluqlar yaradır və genofondun gələcəyi üçün risklər formalaşdırır:
"Süni mayalanma üçün donor hüceyrələrin saxlanılması məqsədilə bank yoxdur. Bu, gələcəkdə genetik xəstəliklərin artmasına gətirib çıxara bilər. Bəzi özəl müəssisələrdə follikul donorluğu həyata keçirilir, lakin bunun üçün hüquqi baza mövcud deyil".
Həkim donor olan insanların müayinəsi aparılırmı sualına aydınlıq gətirib:
"Həmin müəssisələrdə follikul donoru olan qadınlar öz orqanizmlərinə necə zərər vurduqlarının fərqində olmaya bilərlər. Bunu sadəcə pul qazanmaq yolu kimi seçənlər də var. Amma bu prosesdə onlara nə qədər hormonal preparat yeridildiyini nəzərə almırlar".
Mama-ginekoloq Rəşad Sultan Qaynarinfo-ya açıqlamasında bildirib ki, yumurta hüceyrələri və spermatozoidlər süni mayalanma mərkəzlərində, embrioloji laboratoriyalarda saxlanılır:
"Bunların hamısı bir yerdə saxlanıla bilməz, praktik olaraq mümkün deyil. Bank deyəndə dövlətin vahid bir laboratoriyasını nəzərdə tuturlarsa, belə bir şey mümkün deyil. Ona görə bu sözü son vaxtlar reyestr sözü ilə əvəz etməyə başlayıblar. Daha doğrusu, bu bank kompüter sistemindən ibarət olacaq. Onsuz da bu gün hər şey elektronlaşıb, məlumatlar bir əldə vahid informasiya portalında toplanılır. Burada söhbət donorlara aid məlumatların bir portalda toplanılmasından gedir ki, həmin insanlar ancaq məhdud sayda öz xidmətlərini təklif edə bilsinlər. Başqa sözlə desək, bir nəfərin yumurtası bir neçə nəfərə verilib bacı-qardaşların sayı artırılmasın ki, sabah onlar bir-birinə rast gələndə hind filmlərindəki kimi evlənməsinlər. Əsas məqam vahid reyestrin tətbiq olunmasıdır. Bütün bunlar qanunla tənzim olunmalıdır".

Bu gün Azərbaycanda süni mayalanma sahəsində vəziyyət necədir?
Rəşad Sultanın sözlərinə görə, hər kəs bunu özü fərdi, yaxud xəstəxana şəraitində mərkəzləşmiş şəkildə tətbiq edir:
"Tətbiq etməyə davam etsinlər, amma məlumatlar vahid informasiya sistemində toplanmalıdır ki, sabah başqa problemlər çıxmasın. Bunun hamısının həyata keçməsi üçün qanun qəbul olunmalıdır. Hüquqda belə bir anlayış var, əgər bir məsələ qadağan olunmayıbsa, deməli, ona icazə var. Bizdə bir nəfərin bir neçə nəfər üçün yumurta verməsi qadağan olunmadığından heç bir məhdudiyyət yoxdur. Kim harada istəyir, neçə dəfə istəyir, nə qədər istəyir yumurta verə bilir. Vəziyyət belədir, həyəcan təbili çoxdan çalınmalı idi, gecikmişik".
Rəşad Sultan problemin onunla yekunlaşmadığını əlavə edib:
"Mən istəmirəm ki, "Reproduktiv sağlamlıq haqqında qanun”un qəbul olunmasından danışarkən bacı-qardaş məsələsi ilə məhdudlaşaq. Heç donor məsələsi ilə də məhdudlaşmaq lazım deyil, çünki burada yüz məsələ var. Məsələn, qadın-kişi övlad sahibi olmaq istəyirlər. Bunun üçün nə qədər nüanslar var. Tibbi personal, həmin ailənin özü ilə bağlı nüanslar var. Eləcə də ailəli olmayan insanların övlad sahibi olmaq istəkləri var”.
Rəşad Sultan donorluğun başqa aspektlərini xatırladıb:
"Bu gün Azərbaycanda donorluğun pulla təqdim olunması yasaqdır, qanı, böyrəyi sata bilmərik. Bu, insan alverinə aparır. Bəs yumurta donorluğu necə olacaq? Bu gün yumurta donorluğu hər yerdə pullu xidmət şəklində təklif olunur. Qanun niyə qəbul olunmur? Qanun ilişib qalıb. Ekspertlər, ginekoloqlar dinlənilməli, xarici təcrübələr öyrənilməli və onların qanuna tətbiq olunması çox önəmlidir”.
Bahar Rüstəmli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.