Ağcabədidə bir yaşlı uşağın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Medicina.az xəbər verir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il yanvarın 13-də saat 23:30-də 2025-ci il təvəllüdlü azyaşlı qız qıcolma spazması diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə hospitalizasiya olunub.
Yanvarın 14-də azyaşlının valideynləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər.
Yanvarın 16-da saat 11:40-da azyaşlı yenidən yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində azyaşlının müalicəsinə başlanılıb və müsbət dinamika müşahidə olunub.
Yanvarın 25-də azyaşlıda yenidən qıcolmalar müşahidə olunub. Dərhal mütəxəssislərlə konsilium aparılıb. Lakin aparılan müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:30-da azyaşlının ölüm faktı qeydə alınıb.