AZ

Enerji transformasiyası kontekstində Azərbaycanın yaşıl enerji strategiyası - ŞƏRH

Bakı, 26 yanvar, AZƏRTAC

Son illərdə dünyada enerji transformasiyası və iqlim siyasəti kontekstində yaşıl enerji, yəni bərpaolunan enerji mənbələri strateji prioritetə çevrilib. Qlobal istiləşmə, iqlim dəyişikliklərinin sürətlənməsi, karbon emissiyalarının azaldılması üzrə beynəlxalq öhdəliklər və enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti dövlətləri yeni enerji modellərinə keçməyə vadar edir. Bu şəraitdə ənənəvi enerji mənbələrinə əsaslanan iqtisadiyyatların tədricən diversifikasiyası və ekoloji cəhətdən daha dayanıqlı enerji sistemlərinin qurulması əsas məqsədlərdən biri kimi formalaşır. Azərbaycan da bu qlobal proseslərin fəal iştirakçısı olaraq, uzun illər ərzində neft və qaz sektorunda əldə etdiyi təcrübə və maliyyə imkanlarından istifadə etməklə yaşıl enerji sahəsinin inkişafına sistemli şəkildə yönəlib. Ölkə həm enerji təhlükəsizliyini gücləndirmək, həm də uzunmüddətli sosial-iqtisadi inkişafı təmin etmək məqsədilə bərpaolunan enerji mənbələrinin payının artırılmasını milli siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ekoloji ekspert Gülşən Axundova deyib.

O qeyd edib ki, 2025-ci ilin mövcud statistik göstəricilərinə əsasən Azərbaycanın ümumi elektrik enerjisi istehsal gücü təxminən 8415 meqavat səviyyəsindədir. Bu gücün 21,3 faizi bərpaolunan enerji mənbələrinin payına düşür. Bu göstərici bir neçə il əvvəllə müqayisədə əhəmiyyətli artım deməkdir və yaşıl energetika sahəsində aparılan islahatların real nəticələr verdiyini göstərir. Xüsusilə son beş il ərzində günəş enerjisi istehsalının 12,6 dəfə artması, hidroenerji istehsalının isə 2,8 dəfə genişlənməsi ölkənin mövcud təbii resurslardan daha səmərəli istifadə etməyə başladığını təsdiqləyir. Bu dinamika enerji sektorunda struktur dəyişikliklərinin artıq praktiki mərhələyə keçdiyini və bərpaolunan enerji mənbələrinin tədricən enerji balansında mühüm yer tutduğunu nümayiş etdirir.

Ekspert deyib ki, Azərbaycanda yaşıl enerji sahəsində əsas prioritet istiqamətlər günəş, külək və hidroenerji mənbələri üzərində cəmlənib. Ölkənin coğrafi mövqeyi və iqlim şəraiti günəş enerjisinin inkişafı üçün geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası yüksək günəş radiasiyası səviyyəsi ilə seçilir və bu ərazilər yaşıl enerji zonaları kimi formalaşdırılır. Külək enerjisi sahəsində isə Abşeron yarımadası və Xızı bölgəsi əsas mərkəzlər hesab olunur və burada külək elektrik stansiyalarının tikintisi ardıcıl şəkildə davam etdirilir. Bununla yanaşı, ölkənin dağlıq ərazilərində mövcud çay potensialından istifadə etməklə kiçik və orta güclü hidroelektrik stansiyaların qurulması da enerji siyasətinin mühüm tərkib hissəsidir. Bu yanaşma həm regionların enerji təminatını yaxşılaşdırır, həm də mərkəzləşdirilmiş enerji sisteminə düşən yükü azaldır.

“Milli səviyyədə qəbul edilən enerji strategiyası çərçivəsində bərpa olunan enerji mənbələrinin payının artırılması əsas hədəf kimi müəyyən edilib. Rəsmi planlara görə, 2030-cu ilədək elektrik enerjisi istehsalında yaşıl enerjinin payının 30–35,5 faiz səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə günəş və külək enerjisi üzrə ümumilikdə 2250 meqavatdan artıq yeni gücün istismara verilməsi planlaşdırılır. Bu, bir tərəfdən ölkənin daxili enerji tələbatının daha dayanıqlı mənbələr hesabına ödənilməsinə imkan verəcək, digər tərəfdən isə karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaradacaq. Daha uzunmüddətli perspektivdə, yəni 2031–2037-ci illər üçün Azərbaycan bərpaolunan enerji sahəsində əlavə 21 giqavat güc yaratmağı qarşıya məqsəd qoyub. Bu ambisiyalı planlar ölkənin təkcə istehlakçı deyil, həm də yaşıl enerji ixracatçısı kimi regional mövqeyini gücləndirməyə hesablanıb”,- deyə ekspert bildirib.

G.Axundova Azərbaycanın yaşıl enerji strategiyasında beynəlxalq tərəfdaşlığın xüsusi yer tutduğuna diqqət çəkib: “Ölkə aparıcı beynəlxalq maliyyə institutları və enerji şirkətləri ilə əməkdaşlığı genişləndirərək qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin cəlb olunmasına çalışır. Avropa Bərpa və İnkişaf Bankı tərəfindən Azərbaycanda artıq 1,2 giqavat gücündə bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərilməsi bu əməkdaşlığın mühüm göstəricisidir. Eyni zamanda, bp şirkəti ilə Qarabağ ərazisində 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi üzrə imzalanan saziş ölkənin beynəlxalq enerji bazarındakı etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Yaşıl enerji sahəsində həyata keçirilən siyasət Azərbaycanın regional və qlobal roluna da birbaşa təsir göstərir. Planlaşdırılan yaşıl enerji dəhlizləri vasitəsilə Azərbaycanın elektrik enerjisini Avropa və Mərkəzi Asiya bazarlarına ixrac etməsi nəzərdə tutulur. Bu təşəbbüslər Avropa İttifaqı ölkələri üçün enerji mənbələrinin diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır və eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi dayanıqlığını gücləndirir. Beləliklə, yaşıl enerji yalnız ekoloji məqsədlərə deyil, həm də geosiyasi və iqtisadi maraqlara xidmət edən mühüm alətə çevrilir. Hazırda Azərbaycanın yaşıl enerji sektorunda mövcud vəziyyəti dinamik inkişaf mərhələsindədir və geniş perspektivlər vəd edir. Dövlət tərəfindən müəyyən edilən strateji xətt bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini və yeni enerji ixrac marşrutlarının formalaşdırılmasını nəzərdə tutur. Hazırda icra olunan və planlaşdırılan layihələr ölkənin iqlim öhdəliklərinə uyğun şəkildə davamlı enerji inkişafını təmin edir və 2030-cu il üçün müəyyən edilən iddialı hədəflərin reallaşdırılması üçün möhkəm institusional və texniki zəmin yaradır”.

Seçilən
69
azertag.az

1Mənbələr