AZ

Almaniya Trampdan üzr tələb etdi

Almaniya müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampdan NATO müttəfiqlərinin Əfqanıstandakı töhfələrini kiçik hesab etdiyi üçün üzr tələb edib.

"Cebheinfo.az" xəbər verir ki, nazir Pistorius ARD televiziyasına verdiyi açıqlamada Trampın sözlərinin Amerika qüvvələri ilə birlikdə döyüşərkən həyatını itirən müttəfiq əsgərlərə hörmətsizlik olduğunu bildirib. O, ABŞ Prezidentinin üzr istəməsini istəyib.

"Həyatını itirən əsgərlərin ailələrindən üzr istəmək nəzakət, hörmət və anlayış göstəricisi olardı",- deyən Pistorius Trampın sözlərini "yersiz və hörmətsizcə" kimi xarakterizə edib.

Bu mövzunu amerikalı həmkarı Pit Hegset ilə birbaşa müzakirə edib-etməyəcəyi barədə suala Pistorius "Əlbəttə, onu görən kimi danışacağam" cavabını verib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə "Fox News"-a verdiyi müsahibədə ABŞ-nin Əfqanıstanda NATO qoşunlarına heç vaxt ehtiyacı olmadığını iddia etmiş və müttəfiq qüvvələrin münaqişə zamanı cəbhədən uzaq durduqlarını bildirmişdi.

Bu açıqlamalar 20 illik missiya zamanı itkilər verən Danimarka, Almaniya və İngiltərə başda olmaqla avropalı müttəfiqlər arasında kəskin reaksiya ilə qarşılanıb.

 Əfqanıstandakı NATO missiyalarında 2001–2021-ci illərdə Almaniya 59, İngiltərə 457, Danimarka isə 43 əsgərini itirib.

Seçilən
131
cebheinfo.az

1Mənbələr