Bakı, 26 yanvar, AZƏRTAC
Misli Premyer Liqasında XVII turun oyunları maraqlı və gözlənilməz nəticələrlə yadda qaldı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov XVII turda qeydə alınan nəticələri şərh edərkən deyib.
O, “Qarabağ”ın “Kəpəz”ə 2 cavabsız qolla məğlub olmasını turun sürprizi kimi qiymətləndirib: “Nəzərə alaq ki, Ağdam təmsilçisi bu oyundan bir neçə gün əvvəl Çempionlar Liqasında Almaniyanın “Ayntraxt” klubu ilə gərgin qarşılaşmada möhtəşəm qələbə qazanmışdı. Bu səbəbdən çempionat matçında heyətdə geniş rotasiyaların aparılması gözlənilən idi. Oyun da göstərdi ki, “Qarabağ”ın ehtiyat heyəti hələlik meydanda rəqabətə hazır deyil. Bu baxımdan nəticə müəyyən qədər gözlənilən sayıla bilər. Bununla belə, Premyer Liqada qarşıda hələ çox matçlar var. Düşünürəm ki, “Qarabağ” və “Sabah” arasında çempionluq uğrunda mübarizə turnirin son turlarınadək davam edəcək”.
Mütəxəssis qolsuz heç-heçə ilə başa çatan “Neftçi” – “Zirə” oyununun turun ən diqqətçəkən qarşılaşmalarından biri olduğunu söyləyib: “Qış fasiləsindən sonra hər iki komandanın ilk görüşü idi. Daha çox “Neftçi”dən qələbə gözlənilirdi. İlk hissə əsasən bərabər səviyyədə keçdi və kəşfiyyat xarakteri daşıyırdı. İkinci yarıda “Neftçi”nin etdiyi dəyişikliklər oyunda təzyiqi artırsa da, komanda qol vurmaq imkanlarından yararlana bilmədi. Nəticədə “ağ-qaralar” bir xal qazanmaqla, avrokubok zonasına yaxınlaşmaq baxımından vacib iki xal itirdi. “Zirə” üçün isə səfərdə qazanılan bir xal qənaətbəxş nəticə hesab oluna bilər”.
Veteran futbolçu bildirib ki, “Turan Tovuz” – “Sumqayıt” (2:1) görüşü maraqlı mübarizə şəraitində keçib: “Qarşılaşma “Turan Tovuz”un meydançasının hazır olmaması səbəbindən Sumqayıtda təşkil olundu. Bu amil müəyyən mənada “Sumqayıt”ın üstünlüyü kimi dəyərləndirilsə də, oyunun gedişi fərqli mənzərə ortaya qoydu. Məlum olduğu kimi, “Turan Tovuz” səfər oyunlarında daha inamlı çıxışı ilə seçilir. Bu görüşdə də qonaq komanda oyun planında müəyyən dəyişikliklər etməklə topa nəzarəti gücləndirdi və ümumi oyuna daha çox nəzarət edən tərəf oldu. Xüsusilə ilk hissədə Tovuz klubunun üstün oyunu diqqət çəkib. İkinci yarıda “Sumqayıt” təzyiqi artıraraq hesabda tarazlıq yaratmağa çalışsa da, istəyinə çata bilməyib. Nəticədə “Turan Tovuz” vacib üç xal qazanaraq turnir cədvəlində mövqeyini möhkəmləndirib və xal ehtiyatını artırıb. “Sumqayıt” üçün isə vəziyyət getdikcə çətinləşir. Komandanın heyətində yaşanan itkilər və bir neçə əsas oyunçunun zədələnməsi öz təsirini göstərməyə başlayıb. Mövcud kadr ehtiyatının məhdudluğu qarşıdakı turlarda “Sumqayıt”ın işini daha da çətinləşdirə bilər”.
A.Əsədovun sözlərinə görə, “Qəbələ” “Şamaxı” üzərində əldə etdiyi böyükhesablı qələbə ilə (4:0) gücünü nümayiş etdirib: “Bu matç maraqla gözlənilirdi. Buna səbəb “Qəbələ”nin qış fasiləsində heyətini yeni futbolçularla gücləndirməsi və bu dəyişikliklərin komandanın oyununa necə təsir edəcəyinə olan maraq idi. Məlum olduğu kimi, “Qəbələ” qış fasiləsinə qədər sərgilədiyi oyunla müsbət təəssürat yaratsa da, heyət dərinliyinin zəif olması nəticələrin qazanılmasında çətinliklərə səbəb olurdu. Görüşün gedişi göstərdi ki, qış fasiləsində aparılan seleksiya öz bəhrəsini verməyə başlayıb. Komanda gözlənilməz olsa da, böyükhesablı qələbə qazanaraq Premyer Liqada qalmaq uğrunda mübarizədə rəqiblərindən geri qalmayacağını bir daha sübut etdi. “Şamaxı” üçün isə bu matç gözlənilməz məğlubiyyətlə yadda qaldı. Adətən möhkəm və intizamlı oyun nümayiş etdirən komandanın bu qarşılaşmada zəif çıxışı qış fasiləsi dövründə hazırlıq prosesində müəyyən problemlərin olduğunu ortaya çıxardı. Bununla belə, “Şamaxı”nın bu məğlubiyyəti növbəti turlarda kompensasiya edəcəyi və turnir cədvəlindəki mövqeyini bərpa etmək üçün mübarizəni davam etdirəcəyi istisna olunmur”.
O vurğulayıb ki, “Sabah” - “Karvan-Yevlax” (4:1) matçı turnir cədvəlindəki mövqeləri baxımından fərqli məqsədlər güdən komandaların dueli kimi diqqət çəkib: “Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisi üçün bu görüş böyük əhəmiyyət daşıdığı halda, liderliyini möhkəmlətməyə çalışan “Sabah” xüsusilə “Qarabağ”ın bu turdakı xal itkisi fonunda xal fərqini artırmağı hədəfləyirdi. Görüşün gedişi göstərdi ki, üstünlük oyun boyu “Sabah”ın tərəfində olub. Paytaxt təmsilçisi oyuna nəzarəti ələ alaraq istədiyi nəticəni və xalları qazanmağı bacarıb. Komanda həm oyun keyfiyyəti, həm də taktiki baxımdan üstün çıxış etdi. “Karvan-Yevlax” isə məğlubiyyətə baxmayaraq, sona qədər mübarizə apardı. Komandada döyüşkənliyin və istəyin olduğu hiss olunsa da, ustalıq səviyyəsindəki fərq nəticəyə öz təsirini göstərdi. Bununla belə, onların Premyer Liqada qalmaq uğrunda mübarizəni sonadək davam etdirəcəyi şübhə doğurmur”.
55 yaşlı keçmiş müdafiəçi “İmişli” – “Araz-Naxçıvan” qarşılaşmasında qeydə alınan nəticəni (2:2) ədalətli hesab etdiyini deyib: “Maraq doğuran oyunlardan biri idi. Buna səbəb Naxçıvan təmsilçisində qış fasiləsində baş məşqçi dəyişikliyinin həyata keçirilməsi, heyətin yenilənməsi və komandanın oyun üslubunda mümkün dəyişikliklər idi. Görüş hər iki komanda üçün çətin şəraitdə keçib. Meydançanın qənaətbəxş olmaması görüşün keyfiyyətinə birbaşa təsir göstərdi və komandaların istədikləri oyun planını tam şəkildə həyata keçirməsinə imkan verməyib. Bu baxımdan qarşılaşmanın heç-heçə başa çatması ədalətli nəticə kimi qiymətləndirilə bilər. “Araz-Naxçıvan” üçün bu nəticə müəyyən mənada xal itkisi hesab olunsa da, mövcud oyun şəraiti nəzərə alındıqda məqbul sayıla bilər. Komandanın yeni baş məşqçi ilə qarşıdakı turlarda, xüsusilə də növbəti “Neftçi” ilə oyunda daha fərqli və real potensialını əks etdirən performans nümayiş etdirəcəyi gözlənilir”.
Qeyd edək ki, Misli Premyer Liqasına 40 xalla “Sabah” başçılıq edir. “Qarabağ” 36 xalla ikinci pillədə qərarlaşıb.