AZ

AVF rəsmisi: "Əsas hədəf Azərbaycanda qar voleybolunun daha da populyarlaşdırılmasıdır"

Əsas hədəf qar voleybolunun Azərbaycanda daha da populyarlaşdırılmasıdır.

Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) "Çimərlik və qar voleybolu" filialının direktoru Orxan Hüseynzadə deyib.

Qurum rəsmisi Şahdağda keçirilən yarışın təşkilatçılığını və bu idman növünün perspektivini dəyərləndirib:

"Yarış yüksək səviyyədə təşkil olundu və bütün detallar əvvəlcədən diqqətlə planlaşdırılmışdı. Qar voleybolunun zədə riski daha yüksək olan idman növlərindən biri olduğunu nəzərə alaraq, təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülmüşdü. Nəticədə yarış zamanı heç bir zədələnmə halı qeydə alınmadı. Bu baxımdan Şahdağ Turizm Mərkəzinin əməkdaşlarının xüsusi əməyi vurğulanmalıdır. Yarışın qısa müddət ərzində bu cür peşəkar səviyyədə təşkil olunmasında onların rolu böyük oldu".

O, ötən il test xarakterli təşkil olunmuş yarışın uğurlu nəticə verdiyini bildirib:

"Ötən il qar voleybolu yarışı test xarakterli keçirilmiş və olduqca uğurlu nəticə vermişdi. AVF üçün bu cür yarışların təşkili həm idman növünün inkişafı, həm də gənc və perspektivli voleybolçuların aşkar olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il isə yarış artıq rəsmi status alaraq Azərbaycan Kuboku çərçivəsində baş tutdu. Eyni zamanda qar voleybolu rəsmi şəkildə Gənclər və İdman Nazirliyi tərəfindən ölkə üzrə idman növlərinin siyahısına daxil edilib".

O.Hüseynzadə yarışa marağın xeyli artdığını da sözlərinə əlavə edib:

"Bu idman növünə ölkəmizdə hələ yeni start verilsə də, ötən illə müqayisədə marağın artdığı müşahidə olundu. Tamaşaçılar oyunları izləməyə gəlir, qar üzərində voleybolun oynanılmasına böyük maraq göstərirdilər. Qar voleybolu özündə bayram abu-havası, əyləncə və şənlik elementlərini birləşdirən bir idman növü kimi seçilir. Sanki bu yarışlar təkcə idman mübarizəsi deyil, eyni zamanda bir əyləncə tədbiridir. Bununla yanaşı, qar voleybolu ciddi hazırlıq və böyük əzmkarlıq tələb edən bir idman növüdür. Gələcəkdə daha çox yarış və tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin beynəlxalq turnirlərə qatılmaqla və uğurlu nəticələr əldə etməklə bu idman növünün Azərbaycanda daha da populyarlaşdırılması əsas hədəflərdəndir".

Qeyd edək ki, qar voleybolu üzrə Azərbaycan Kuboku yanvarın 24-25-də Şahdağ Turizm Mərkəzində keçirilib. Qadınların yarışında "Gəncə", kişilərin mübarizəsində isə "Azərreyl" turnirin qalibi olub.

Seçilən
4
far.az

1Mənbələr