AZ

Aİ-nin Rusiya qazına qadağası gələn il qüvvəyə minəcək

Bazar ertəsi günü Aİ Şurası Rusiya qazının Aİ-yə idxalını qadağan edən qaydalar barədə razılığa gəlib.

"Yeni Sabah" xəbər verir ki, Aİ-nin mətbuat xidmətinin verdiyi açıqlamada deyilir:

"Bu gün 27 Aİ üzv dövləti həm Rusiya boru kəməri qazının, həm də Aİ-yə LNG idxalını qadağan edən qaydaları rəsmi olaraq təsdiqlədi".

Bəyanatda əlavə edilib ki, "LNG idxalına tam qadağa 2027-ci ilin əvvəlində, boru kəməri qazına isə 2027-ci ilin payızından qüvvəyə minəcək. Yeni qaydalar Aİ-yə enerji təchizatının effektiv şəkildə monitorinqinə və şaxələndirilməsinə yönəlmiş tədbirləri əhatə edəcək".

Bundan əlavə, Aİ-nin bəyanatına görə, Avropa Komissiyası "2027-ci ilin sonuna qədər Rusiya neftinin idxalını qadağan edən qanunvericilik təklif etməyi planlaşdırır".

"Bu gündən etibarən Aİ enerji bazarı daha güclü, daha davamlı və daha şaxələndirilmiş olacaq. Rusiya qazından zərərli asılılığımızdan azad oluruq və muxtar enerji birliyinə doğru həmrəylik və əməkdaşlıq ruhunda mühüm addım atırıq", - Aİ Şurasına sədrlik edən Kiprin energetika naziri Mixalis Damianos bildirib.

Aİ Şurasının qərarı  Rusiya boru kəməri qazı və Aİ-yə mayeləşdirilmiş təbii qaz idxalına qoyulan qadağa tənzimləmənin qüvvəyə minməsindən 6 həftə sonra qüvvəyə minəcək.

Sənəddə mövcud müqavilələrin keçid dövrü olacağı aydınlaşdırılır. AB hesab edir ki, bu mərhələli yanaşma qiymətlərə və bazarlara təsirini məhdudlaşdıracaq.

İttifaqa üzv dövlətlər qaz idxalına icazə verməzdən əvvəl mənşə ölkəsini yoxlayacaqlar. Yeni qaydalara əməl edilməməsi fiziki şəxslər üçün ən azı 2,5 milyon avro, şirkətlər üçün isə ən azı 40 milyon avro və ya şirkətin ümumi illik dünya dövriyyəsinin ən azı 3,5%-i və ya əməliyyatlardan əldə edilən təxmini dövriyyənin 300%-i qədər cərimə ilə nəticələnə bilər.


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr