Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə hakimlər üçün cinayət hüququ və cinayət prosesi üzrə təlimlər keçirilib.
“İki sahil” xəbər verir ki, təlimlər Almaniyanın Hamburq Regional Məhkəməsinin hakimi Anastasiya Moys tərəfindən aparılıb.
Hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və gələcəkdə onların vasitəsilə digər hakimlərin və hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimlərdə müxtəlif instansiya məhkəmələrinin hakimləri iştirak edib.
Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.