Moskva, 26 yanvar, AZƏRTAC
Rusiyanın Murmansk vilayətində (Arktika bölgəsi) bir neçə yaşayış məntəqəsində geniş yayılmış elektrik, istilik və su kəsintilərinə səbəb olan elektrik xəttindəki nasazlıqdan sonra bərpa işləri davam edir.
AZƏRTAC-ın məlumatına görə, qubernator Andrey Çibis bildirib ki, müvəqqəti elektrik ötürücü xətti dayaqlarının quraşdırılması ilə bağlı nikbin ssenariyə əsasən, elektrik enerjisinin bərpası ən azı 24 saat, infrastrukturun tam bərpası isə minimum bir həftə çəkəcək. O qeyd edib ki, nasazlığın baş verdiyi yer ağır hava şəraitinin davam etdiyi və avadanlıqların dərin qar təbəqəsində ilişib qalmağa meylli olduğu ucqar bir ərazidə yerləşir.
Nasazlıq yanvarın 23-də baş verib. Elektrik xətlərinin zədələnməsi dərhal elektrik kəsintilərinə, ardınca isə istilik və su təchizatı sistemlərində fasilələrə səbəb olub. Nasazlığın əsas səbəbi kimi əlverişsiz hava şəraiti müəyyən edilib. Təxminən 40 ildir istifadədə olan dayaqlarda da əhəmiyyətli dərəcədə aşınma müşahidə olunub.
Hadisə ilə əlaqədar Murmansk vilayətində fövqəladə vəziyyət elan edilib. Bəzi ərazilərdə mənzillərdə temperatur 10-15 dərəcə Selsiyə düşüb. Məktəblər və uşaq bağçaları bağlanıb, isitmə məntəqələri qurulub, isti yemək və su paylanılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ən xüsusi müxbiri
Moskva