AZ

Fransanın əmlak sektorunda irqi ayrı-seçkilik hələ də ciddi problemdir

Paris, 26 yanvar, AZƏRTAC

Fransada ev sahibləri qeyri-avropalılara ev verməkdə o qədər də həvəsli deyillər. Bu işdə əmlak agentlikləri də onları təşviq edir. “SOS Racisme” assosiasiyasının araşdırması maraqlı məqamları üzə çıxarıb.

AZƏRTAC xəbər verir ki, son altı ildə “SOS Racisme” üç test kampaniyası aparıb. Məlum olub ki, agentliklərin yarısı birbaşa və ya dolayı yolla irqi ayrı-seçkiliyi təşviq edir. Belə ki, Fransa üzrə 198 əmlak agentliyi ilə telefon vasitəsilə əlaqə yaradılıb. “SOS Racisme” üzvləri özlərini ev sahibləri kimi təqdim edərək, agentliklərdən avropalı kirayəçilər tapmalarını istəyiblər.

Nəticələr göstərir ki, 96 agentlik (48,48%) irqi ayrı-seçkiliyi ya birbaşa, ya da dolayı yolla həyata keçirib. 48 agentlik kirayəçiləri birbaşa irqə əsaslanaraq seçməyə razı olub. 48 agentlik özü bunu etməsə də, ev sahibinin ayrı-seçkilik etməsini təşviq edib və ya buna şərait yaradıb. 102 agentlik isə ayrı-seçkiliyi rədd edib və irqi mənşəyə əsaslanan seçimə qarşı olduğunu açıq şəkildə bildirib.

Araşdırma nəticəsində məlum olub ki, bu vəziyyət xüsusilə Afrika mənşəli şəxslərin digər namizədlərlə müqayisədə kirayə ev əldə etmək şansını yarıbayarı azalmasına səbəb olur.

Bu hesabat Fransanın əmlak sektorunda irqi ayrı-seçkiliyin hələ də ciddi problem olduğunu göstərir.

Seçilən
29
1
azertag.az

2Mənbələr