AZ

ABŞ sözünün üstündə duracaqmı?

Qlobal dünyada gərgin proseslərin, xüsusilə də Yaxın Şərqdə böyük müharibəyə gətirib çıxara biləcək və Şimali Atlantika-Avropa məkanında təhlükəsizliyə təhdid yaradan risklərin artdığı bir zamanda Ukraynanın gələcək siyasi taleyi ətrafında mühüm danışıqlar prosesi gedir. 

Yanvarın 23-24-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli görüş baş tutub. Görüşdə Ukrayna münaqişəsinin həll yolları, atəşkəs və sülh sazişinin mühüm prinsipləri, Ukraynanın təhlükəsizliyinə dair zəmanətlər əsas müzakirə predmenti olub. 

ABŞ mənbələrinin məlumatlarına görə, üçtərəfli görüş konstruktiv keçib, amma görüşdə hər hansı ciddi nəticə əldə olunmayıb. Əbu-Dabi danışıqlarının növbəti mərhələsi fevralın 1-2 – də keçirilməsi gözlənilir. 

Daha bir xüsusi məqam isə ABŞ-Ukrayna danışıqlarının gedişatı ilə bağlıdır. Belə ki, uzun müddət aparılan ikitərəfli danışıqlar nəticəsində ABŞ və Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı məsələdə yekun razılaşmaya gəlib. 

Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya rəsmi səfər zamanı mediayaya açıqlamasında bildirib ki, müvafiq sənəd artıq hazırdır. Zelenskinin sözlərinə görə, Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri təkcə Ukrayna ərazisində deyil, həm də bütün Avropa üçün təhlükə yaradan müharibənin dəqiq bitmə tarixinin müəyyənləşdirilməsinə yol aça bilər. 

“Sənəd 100 faiz hazırdır və tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı hazır olmalarını gözləyirik. Daha sonra sənəd razılaşmalarımıza uyğun olaraq ABŞ Konqresinə və Ukrayna parlamentinə təsdiq üçün təqdim ediləcək”, - deyə Zelenski vurğulayıb. Dövlət başçısı əlavə edib edib ki, sözügedən sənəddə iqtisadi təhlükəsizlik zəmanətləri və müəyyən öhdəliklər də yer alacaq. 

Təhlükəsizlik zəmanətləri bu halda effektli ola bilər... 

ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair müvafiq sənədin səmərəliyinə bir çox ekspertlər şübhə ilə yanaşır. Onların fikrincə, sözügedən sənədin real təsir qüvvəsinin olub-olmayacağı hələ sual altındadır, bunun da bir sıra tarixi sənədlər kimi kağız parçası olacağı ehtimal edilir. 

Maraqlıdır, bir ölkəni ərazi güzəştlərinə getməyə məcbur edən bir güc mərkəzinin təhlükəsizlik zəmanətləri nə dərəcədə effektli ola bilər? Vaşinqtonun Kiyevə təhlükəsizlik zəmanətləri Moskva üçün nə dərəcədə keçərli olacaq? 

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sənədin hazır olması, Kiyev və Vaşinqton arasındakı əməkdaşlığın yeni mərhələsini əks etdirir. 

“Bu saziş ABŞ-nin Ukraynaya uzunmüddətli dəstəyini, o cümlədən hərbi yardım, kəşfiyyat məlumatları və iqtisadi təminatları nəzərdə tutur, lakin onun real təsir qüvvəsi həyata keçirilmə mexanizmlərindən asılı olacaq. Tarixi presidentlər, məsələn, 1994-cü il Budapeşt Memorandumu zəmanətlərin yalnız siyasi iradə və beynəlxalq təzyiqlə dəstəkləndikdə effektiv olduğunu göstərir. Əgər bu sənəd konkret hərbi öhdəliklərlə təkminlləşdirilərsə, o, Kiyevin müdafiə qabiliyyətini artıra bilər; əks halda, simvolik xarakter daşıya bilər”. 

Politoloq hesab edir ki, bir ölkəni ərazi güzəştlərinə məcbur edən güc mərkəzinin qarşısında təhlükəsizlik zəmanətlərinin effektivliyi, beynəlxalq hüquq normalarına və tərəflərin qarşılıqlı etimadına bağlıdır.

“Belə zəmanətlər, adətən, caydırıcılıq mexanizmləri vasitəsilə işləyir. Məsələn, sanksiyalar, hərbi yardım və koalisiya quruculuğu. Lakin onların gücü, potensial aqressorun iqtisadi və hərbi prioritetlərindən asılı olaraq məhdud ola bilər. Məsələn, NATO-nun 5-ci maddəsi kimi kollektiv müdafiə prinsipləri effektiv olsa da, ikitərəfli sazişlər daha çox diplomatik çərçivə təmin edir və tam təhlükəsizlik təminatından çox, uzunmüddətli əməkdaşlığa yönəlir”. 

Moskva zəmanətlərə qarşıdır 

Politoloqun sözlərinə görə, Vaşinqtonun Kiyevə verdiyi zəmanətlər Moskva üçün məhdud keçərliliyə malik ola bilər: 

“Çünki Rusiya bu sənədləri ABŞ-nin regiondakı təsirini genişləndirmək cəhdi kimi qəbul edir. Moskva, adətən, belə sazişləri öz təhlükəsizlik maraqlarına zidd görür və onları danışıqlar prosesində bəhanə kimi istifadə edə bilər. Bununla belə, bu zəmanətlər beynəlxalq təzyiqi artıraraq, Rusiyanı xüsusilə iqtisadi sanksiyalar fonunda daha konstruktiv mövqeyə vadar edə bilər”. 

Əbu-Dabi danışıqlarının nəticəyönümlü olmasına gəlincə, T.İsmayılov vurğulayıb ki, növbəti görüşlərdə mühüm məsələlərdə ümumi razılaşma gözlənilmir: 

“Əvvəlki danışıqlar da heç bir irəliləyiş olmadan başa çatıb. Tərəflər ərazi məsələləri və atəşkəs şərtlərini müzakirə edə bilər, lakin dərin ziddiyyətlər (məsələn, Krım və Donbass) ortaq mövqenin formalaşmasına mane olur. 

Görüşlər dialoqun davamını təmin etsə də, real nəticələr üçün beynəlxalq təzyiq və daxili kompromislər vacib olacaq. Ümumilikdə, bu proseslər region sabitliyinə töhfə verə bilər, amma qısa müddətdə köklü dəyişikliyin baş verməsi real deyil”. 

Seçilən
88
cebheinfo.az

1Mənbələr