AZ

Gülər Sultanzadə: "Azərbaycan beynəlxalq hüquqa əsaslanan və nəticəyə yönəlmiş siyasətlə sülhün praktik modelini ortaya qoyub"



Davos İqtisadi Forumu artıq illərdir ki, yalnız iqtisadi problemlərin müzakirə edildiyi beynəlxalq platforma deyil, eyni zamanda qlobal siyasi mesajların verildiyi, yeni diplomatik yanaşmaların formalaşdırıldığı və beynəlxalq münasibətlər sisteminin gələcək istiqamətlərinin müəyyən olunduğu mühüm məkana çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanması mərasimində iştirakı, eləcə də ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş Azərbaycanın müasir dünya siyasətində tutduğu mövqenin ardıcıl və məntiqi davamı kimi dəyərləndirilməlidir.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Partiya fəalı fikirlərini davam etdirərək bildirib ki, bu gün sülh diplomatiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində irəli sürdüyü məsuliyyətli və praqmatik yanaşmanın əsas göstəricilərindən biridir. Azərbaycan son dövrlərdə regional münaqişələrin həlli prosesində nümayiş etdirdiyi rasional, beynəlxalq hüquqa əsaslanan və nəticəyə yönəlmiş siyasətlə sülhün praktik modelini ortaya qoyub. Postmünaqişə mərhələsində bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimad mühitinin yaradılması rəsmi Bakının prioritet strateji xəttini təşkil edir. Məhz bu kontekstdə cənab Prezident İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanmasında iştirakı təsadüfi xarakter daşımır. Bu addım Azərbaycanın artıq yalnız regional deyil, qlobal sülh təşəbbüslərində də fəal rol oynadığını açıq şəkildə nümayiş etdirir. Sülh Şurasının təsis edilməsi ideyası beynəlxalq münaqişələrin qarşısının alınması, dialoq mexanizmlərinin təşviqi və beynəlxalq hüququn üstünlüyünün təmin edilməsi baxımından yeni və perspektivli platforma kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, sülh sazişi sadəcə hüquqi sənəd deyil, münaqişədən əməkdaşlığa keçidi simvolizə edən siyasi konsepsiyadır. O, qarşıdurma ritorikasını iqtisadi, humanitar və kommunikasiya əsaslı əməkdaşlıq modeli ilə əvəz edən strateji yol xəritəsidir. Azərbaycan bu yanaşmanı real təcrübədə tətbiq edən nadir dövlətlərdəndir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda regionda sülh mövcuddur və bu, konkret faktlarla öz təsdiqini tapır. Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi, həmçinin taxılın Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılması postmünaqişə dövründə formalaşan yeni iqtisadi münasibətlərin göstəricisidir. Bu faktlar sülhün abstrakt anlayış olmadığını, əksinə, real iqtisadi fayda və qarşılıqlı asılılıq yaratdığını nümayiş etdirir. “Sülh Şurasının Nizamnaməsi”nin təsisçi üzvləri sırasında Azərbaycanın yer alması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz ifadəsidir. Bu dəvət eyni zamanda Azərbaycan–ABŞ strateji tərəfdaşlığının dərinliyini və Bakının qlobal sülh gündəliyində etibarlı aktor kimi qəbul olunduğunu göstərir. Azərbaycan bu gün enerji təhlükəsizliyi, nəqliyyat və logistika layihələri ilə yanaşı, sülh təşəbbüslərini də beynəlxalq müstəviyə çıxaran ölkə imicini formalaşdırır. Zəngəzur dəhlizi və TRIPP layihəsi yalnız iqtisadi deyil, eyni zamanda siyasi baxımdan regionun inteqrasiyasına xidmət edən vacib mexanizmlərdir.

Gülər Sultanzadə onu da deyib ki, Davosda cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə baş tutan görüşü Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin konturlarını müəyyənləşdirir. Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra ikitərəfli əlaqələrin inkişafına dair məmnunluğun ifadə olunması siyasi dialoqun davamlı və sabit xarakter daşıdığını göstərir. Xüsusilə ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsində Prezident Donald Trampın rolunun vurğulanması ABŞ-ın regionda sülh prosesinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini nümayiş etdirir. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq vasitəçilərlə açıq və konstruktiv əməkdaşlığa hazır olduğunu təsdiqləyir. Görüş zamanı Sülh Şurasının əhəmiyyətinə toxunulması, bu qurumun Yaxın Şərqdə və ümumilikdə qlobal miqyasda münaqişələrin həllinə töhfə verə biləcək mexanizm kimi dəyərləndirilməsi Azərbaycan–ABŞ münasibətlərinin yalnız ikitərəfli müstəvi ilə məhdudlaşmadığını, qlobal gündəmlə uzlaşdığını göstərir. Qarşılıqlı səfərlərin və müxtəlif səviyyəli təmasların qeyd edilməsi isə siyasi dialoqun institusional əsaslar üzərində inkişaf edəcəyinə işarə edir. Ümumilikdə, cənab Prezident İlham Əliyevin Davos çərçivəsində iştirak etdiyi bu iki mühüm siyasi-diplomatik hadisə — “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması və ABŞ Prezidenti Donald Tramp ilə görüşü — Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun aydın təzahürüdür. Azərbaycan bu gün təkcə öz milli maraqlarını qoruyan dövlət deyil, eyni zamanda regionda və qlobal miqyasda sülhün təşviqinə real töhfə verən məsuliyyətli aktor kimi çıxış edir. Bu isə cənab Prezident İlham Əliyevin uzaqgörən liderliyinin, balanslı xarici siyasətinin və milli maraqlara söykənən qlobal baxışının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir -deyə Gülər Sultanzadə fikrini tamamlayıb



Seçilən
16
1
aia.az

2Mənbələr