AZ

Zəhərli münasibətlərdə bağlılıq: Sevgi ehtiyacı, yoxsa tərk edilmə qorxusu? - AÇIQLAMA

Ağrı verən və sağlam olmayan münasibətlərdə qalmağın səbəbi çox vaxt tək bir amillə izah olunmur. Psixoloji baxımdan bu vəziyyət həm sevgi ehtiyacından, həm də tərk edilmə qorxusundan qaynaqlana bilər. Əksər hallarda isə bu iki faktor eyni anda mövcud olur, lakin kök motivasiyaları fərqlidir. İnsan təbiəti etibarilə sevgiyə, dəyərə və diqqətə ehtiyac duyur. Çünki insan yalnız rasional varlıq deyil; hormonlardan, duyğulardan və emosional bağlardan ibarətdir. Sevilmək və görülmək ehtiyacı normal və sağlamdır. Lakin münasibətin içində davamlı ağrı, incitmə və əziyyət varsa, artıq burada sağlam sevgidən danışmaq mümkün deyil.

Zəhərli münasibətlər və insanların belə münasibətlərdən qopa bilməməsinin səbəbləri haqqında psixoloq Nabat Mirzəyeva Missiya.Az-a danışıb."Sevgi ehtiyacı ilə tərk edilmə qorxusu çox vaxt bir-birinə qarışsa da, psixoloji olaraq fərqləndirici cəhətləri mövcuddur. Sevgi ehtiyacından qaynaqlanan bağlılıqda insan münasibətə daha çox ümidlə yanaşır. Qarşı tərəfin dəyişəcəyinə inanır və sevginin özünə tutunur. “Məni incitsə də, məni sevir”, “Bu münasibət çətin olsa da, içində sevgi var” kimi düşüncələr ön planda olur. Sevgi ehtiyacı olan şəxs öz dəyərini tam itirmir, lakin münasibəti qorumaq üçün həddindən artıq səy göstərir, mübarizə aparır və gözləyir. Tərk edilmə qorxusu ilə bağlılıqda isə əsas motiv sevgi deyil, itirmə panikasıdır. İnsan bu münasibət bitərsə, özünü boş, dəyərsiz və heç kim kimi hiss edəcəyini düşünür. “Bu münasibət olmasa, mən kiməm?”, “Onsuz özümü var kimi hiss etmirəm” kimi daxili səslər güclənir. Burada artıq emosional asılılıq formalaşır və münasibət insanın öz dəyərini hiss etməsinin əsas mənbəyinə çevrilir",-psixoloq qeyd edib.

Nabat Mirzəyevanın sözlərinə görə, uşaqlıq dövründə yaşanan emosional laqeydlik, qeyri-sabit sevgi və ya diqqət çatışmazlığı gələcək münasibətlərimizə birbaşa təsir göstərir. Uşaqlıqda öyrəndiyimiz sevgi modeli nə qədər zərərli olsa da, bizə tanış olduğu üçün “normal” kimi qəbul edilə bilər. Şüurlu olaraq “sevgi bu deyil” desək belə, daxildə öyrəşdiyimiz model bizi özünə çəkir. İnsan baxış bucağını dəyişmədikcə və öz üzərində işləmədikcə, eyni tip münasibətlər həyatında təkrarlanmağa davam edir. Lakin fərqinə varmaq, özünü inkişaf etdirmək və zərərli münasibətin insanı irəli aparmadığını anlamaq bu dövrəni qırmağa kömək edir. Sağlam olmayan münasibət bitdikdən sonra yaranan boşluq hissi çox vaxt sevgi ilə deyil, bağlanma və vərdişlə əlaqəlidir. İnsan özünü günahlandırmağa başlayır: “Bəlkə mən səhv etdim?”, “Daha fərqli davransaydım, düzələrdi?” Münasibət ağrılı olsa belə, uzun müddət davam etdiyi üçün bir vərdişə çevrilir. Bu vərdişin itirilməsi ani boşluq və tənha hiss yaradır. Bu boşluq sakitlik gətirmir, çünki insan ağrıdan qurtulsa da, bağlandığı sistemdən ayrılmış olur. Bu, sevginin yoxluğu deyil, asılılığın yaratdığı boşluqdur.

"Bu mərhələdə terapiya insanın özü ilə üzləşməsinə şərait yaradır. Niyə ağrılı münasibətlərə yönəldiyini, uşaqlıqda nələr yaşadığını, hansı duyğuların onu bu münasibətdə saxladığını anlamağa başlayır. Bu proses fərqindəlik yaradır. İnsan özünü günahlandırmaq əvəzinə, özünə qarşı şəfqət və anlayış inkişaf etdirir. Ağrılı münasibət zəiflik göstəricisi deyil; əksinə, fərqinə varıldıqda, insanın öz yaralarını tanımasına, özünü dərk etməsinə və şəfalanmasına aparan bir yoldur. Anlamaq və dərk etmək insanı oyadır və sağlam münasibətlərə doğru istiqamətləndirir,"- N.Mirzəyeva əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr