AZ

Tovuzçay su anbarını San-Fransisko körpüsü və Aokiqaxara meşəsi ilə hansı əlamət birləşdirir? - Yeni ilin ilk günündə iki azyaşlı uşaq anasız qaldı -Fotolar



Bildiyimiz kimi, yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə əvvəlcə dövlət başçısı, sonra baş nazirin müavini Şahin Mustafayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Prezident İlham Əliyevə icra olunmuş və nəzərdə tutulan işlər barədə məlumat veriblər.
Çıxışlarda Prezidentin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2024-2040-cı illər üzrə su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” üzrə görülən və görülməkdə olan işlərdən, sudan istifadənin gündəlik qaydada nəzarətdə saxlanılmasından və görülən tədbirlərin əhalinin içməli və suvarma suyu ilə təchizatının daha da yaxşılaşdırılmasına, su elektrik stansiyalarının səmərəlilik göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaratmasından danışılmış, yeni tikilən, tikilməkdə və yenidən qurulmaqda olan su anbarlarının təhlükəsizliyinin təmin olunmasından söz açılmışdır.
Su anbarlarının mühafizəsi insanların həyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları var. Dövlətin istifadəsində olan su anbarları və su obyektlərinin mühafizəsi müvafiq icra hakimiyyətləri orqanları tərəfindən həyata keçirilir. Bundan başqa, həmin obyektlərin mühafizəsi ilə bağlı "Sanitar epidemioloji salamatlıq haqqında" Qanun və Azərbaycan Su Məcəlləsi də mövcuddur. Qanunvericiliyə görə, su anbarlarının mühafizə zolağının yaradılması vacib hesab edilir. Bu prosesdə hər hansı sanitar epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılmalıdır.

Doğrudur, su anbarlarının mühafizəsi ilə bağlı mütəmadi tədbirlər keçirilir və anbarlara lazımi səviyyədə nəzarət edilir. Lakin təəssüf ki, bəzi yerlərdə bu vacib obyektlərin mühafizəsinə səhlənkar yanaşma müşahidə olunur ki, bu da istehlakçıların narazılığına səbəb olur.
Bu günlərdə Tovuz rayonunun Qazıqulu kəndinin sakinləri redaksiyamıza müraciət edərək bildiriblər ki, kənddə yerləşən 20 m3-lük su anbarı təhlükə mənbəyidir, lakin qorunmur: “Tovuzçay Su Anbarı adlanan ərazidə bir neçə ölüm hadisəsi baş versə də, hələ də müvafiq təşkilatlardan bu ərazi ilə məşğul olan yoxdur. Dəfələrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli təşkilatına müraciətlər etsək də, heç bir reaksiya verilmir. Sonuncu dəfə 2000-ci il təvəllüdlü Nübar Rəzim qızı Cəfərova 2026-cı ilin ilk günündə - yanvarın 1-də həmin su anbarında intihar edərək iki uşağını yetim qoyub”.

Bu cür faciəli hadisələrin baş verməsi yerli sakinləri çox narahat edib. Onlar redaksiyamızdan xahiş ediblər ki, müraciətləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova media vasitəsi ilə çatdırılsın. Xatırladıblar ki, indiyədək Tovuzçay Su Anbarında bir neçə boğulma hadisəsi baş verib: “Bunun səbəbi su anbarının qorunmamasıdır. Son intihar hadisəsi bizi çox narahat edir. Buna görə də Agentliyin sədri Zaur Mikayılovdan su anbarının qorunması üçün tabeliyində olan müvafiq qurumlara göstəriş verməsini xahiş edirik”.
Kənd sakinləri qeyd edirlər ki, anbarda təkcə intihar məqsədi ilə ora gələnlər deyil, heyvanını suvarmaq məqsədi ilə gətirib sonra çimmək üçün suya girənlərin də boğulması təsadüf olunub. Bu mənfi tendensiya davam edərsə, Tovuzçay Su Anbarı da ABŞ-dakı San-Fransisko körpüsü, Yaponiyadakı Aokiqaxara meşəsi kimi “intihar məkanı” statusu alacaq. Amma ümid edirik ki, Dövlət Su Ehtiyatları Agentliyi sözügedən anbarla bağlı təhlükəıli vəziyyətin daha da dərinləşməsinə imkan verməyəcək, lazımi mühafizə tədbirlərini həyata keçirəcək.
Gundemxeber.com



Seçilən
20
aia.az

1Mənbələr