AZ

Repressiya qurbanı olan görkəmli ədəbiyyatşünas alimin doğum günüdür- QHT sədri yazır

O, həyatını, bütün intellektual potensialını xalqın maariflənməsinə, təhsilin inkişafına həsr etsə də, totalitar rejim onu rahat buraxmır. Fədakar elm və təhsil fədaisi Firudin bəy Köçərlini sovet rejimi amansızlıqla qətlə yetirsə də, onun yaradıcılığına hər zaman istinad olunub. Əvvəlcə öldürüldü, sonra onun pedaqoq kimi irsi tədris edildi.

Xatırladırıq ki, Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firudun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879-1885-ci illər ərzində o Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alır.

1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885 – 1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə uğurlarına görə dəfələrlə mükafatlandırılmışdır. 1893-1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının “tatar şöbəsi”-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 1916 – 1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, o, həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir .

Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyyətcə erməni olan Sarkis Danilyanın diktəsilə Firudin bəy haqqında saxta hökm yazdı:

Güllələnmə haqqında çıxarılmış qərar:

Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firudin bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov [ DTK. Firudin bəy Köçərlinin istintaq materialları, №12206]

Göründüyü kimi, millətin övladlarına hər zaman işıq verən, təhsilin inkişafına əvəzsiz xidmət edən Firudin bəy Köçərli ədalətsiz rejimin haqsız qurbanı olub. Əlbəttə, düşmən qüvvələrin əsas strateji hədəfi o olub ki, millətin işıqlı insanları sıradan çıxarılsın. Bir xalqın, toplumun belə ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir. Mən arxivdə çalışan zaman öyrəndim ki, onun heç olmasa, ölümündən sonra bəraət alması haqqında heç bir məhkəmə qərarı yoxdur.

 

Əkrəm Bəydəmirli 

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Seçilən
71
qht.az

1Mənbələr