AZ

Sahibə Qafarova Bəhreyn Kralı ilə görüşüb - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb.

Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək, ölkələrimiz arasında mövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi, investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanları yaratdığını bildirib. O, bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladıb. Söhbət zamanı dost ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Spiker Sahibə Qafarova bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu qeyd edərək, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin və sıx təmasların qanunvericilik orqanları arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, səfər çərçivəsində keçirdiyi görüşlər və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Seçilən
26
31
cebheinfo.az

10Mənbələr