“Hazırda Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin keyfiyyət baxımından yeni mərhələsi müşahidə olunmaqdadır. Hələ okeanın o tayında keçirilən prezident seçkiləri öncəsi Azərbaycan dövlət başçısı ABŞ prezidentliyinə namizəd Donald Tramp haqqında pozitiv fikirlər səsləndirmişdi. Cənab İlham Əliyev xatırlatmışdı ki, Trampın birinci prezidentlik dövründə də Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafında dinamiklik müşahidə edilmişdi. Demokratların rəhbərliyi dövründə isə Azərbaycana münasibətdə əksər hallarda qeyri-obyektiv, ədalətsiz mövqe sərgilənirdi. Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra müşahidə edirik ki, Vaşinqton-Bakı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”.
Bu fikirləri Newscenter.az-a sabiq millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu ABŞ-ın vitse-prezidenti Cey Di Vinsin Cənubi Qafqaza nəzərdə tutulan səfərini şərh edərkən səsləndirib. O deyib ki, Donald Trampın sərgilədiyi mövqe kifayət qədər praqmatikliyi ilə seçilirdi:
“ABŞ-Azərbaycan münasibətlərinin yeni keyfiyyət mərhələsinə dəlalət edən reallıqlardan biri də ondan ibarət oldu ki, 2025-ci ilin avqust ayında Azərbaycan Prezidenti Amerikaya səfər etdi və avqust ayının 8-də Birləşmiş Ştatlar prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh paraflanması imzalandı. Donald Tramp da öz növbəsində Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı təşəkkürünü ifadə etdi ki, Bakı və İrəvan imzalanmış sülh razılaşmasının şərtlərinə əməl edir. Yəni, yekun sülhün əldə olunması istiqamətində iradə ortaya qoyurlar”.
Elşad Mirbəşiroğlu onu da deyib ki, Cənab İlham Əliyev 2025-ci ilin avqustunda Amerikada səfərdə olarkən həm də ABŞ-la Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlı razılıq əldə edilmişdi:
“Bu məqsədlə strateji işçi qrupu da yaradılmışdı. İşçi qrupları Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzərində çalışmaqdadırlar. Bütün bunlar göstərir ki, Tramp administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında təmaslar daha da sıxlaşacaq. Həm regionda sülhün əldə olunması, həm də TRİPP layihəsinin həyata keçirilməsi ABŞ-ın yeni administrasiyasının maraqları çərçivəsindədir. Qeyd edim ki. Davosda da Azərbaycan və ABŞ prezidentləri arasında kifayət qədər konstruktiv görüş keçirildi, müzakirələr aparıldı. Ağ Ev rəhbəri Donald Tramp vurğuladı ki, ABŞ-ın vitse-prezidenti bu il həm Azərbaycan, həm də Ermənistana səfər edəcək. Səfərdə də məqsəd sülh müqaviləsinin imzalanması istiqamətində təsirli addımların atılmasından ibarətdir. Bu baxımdan hesab edirəm ki, münasibətlərin hazırkı xarakteri ABŞ prezidentinin Azərbaycana səfəri ehtimalları haqqında düşünməyə əsas verir”.
Süleyman