AZ

Xalqı qənaət rejiminə keçirdirlər Bəs məmurlar?

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Qənaət rejimi elan olunsa da, məmurlar biznes-klasdan imtina etmir.

Bakupost.az xəbər verir ki, hökumətin dövlət xərclərinin azaldılması ilə bağlı elan etdiyi qənaət rejimi fonunda bəzi ezamiyyə və nəqliyyat xərclərinin hələ də diqqətdən kənarda qalması müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edərək, dövlət məmurlarının xarici səfərlərdə biznes-klasdan geniş istifadə etməsinə diqqət çəkib.

Hüquqşünas qeyd edib ki, beynəlxalq təcrübədə biznes-klasdan istifadə adətən yalnız hökumət üzvləri üçün və məhdud hallarda tətbiq olunur. Onun sözlərinə görə, məsələn, ABŞ-da yüksək vəzifəli şəxslər biznes-klasdan yalnız 14 saatdan artıq davam edən uçuşlarda istifadə edə bilərlər.

Əkrəm Həsənov vurğulayıb ki, biznes-klasla uçuş xərcləri ekonom-klasla müqayisədə 2–5 dəfə baha başa gəlir. “Əgər ekonom-klas bileti 500 manatdırsa, biznes-klas 1000–2500 manat, bəzən isə daha artıq olur”, – deyə o bildirib.

Hüquqşünas xatırladıb ki, Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına əsasən, dövlət büdcəsi hesabına biznes-klasla uçmaq hüququ çox geniş vəzifəli şəxslər dairəsinə şamil edilir.

Bu siyahıya baş nazir və müavinləri, deputatlar, nazirlər və müavinləri, dövlət agentliklərinin rəhbərləri, Konstitusiya və Ali Məhkəmənin rəhbər şəxsləri, Ombudsman, Baş prokuror və müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, səfirlər və digər yüksək vəzifəli şəxslər daxildir.

Əkrəm Həsənovun fikrincə, məmurların xarici səfərlərinin əksəriyyəti real nəticə verməyən görüşlər, konfranslar, seminarlar və təlimlərlə məhdudlaşır. Onun sözlərinə görə, hətta bu səfərlərin faydalı olduğunu qəbul etsək belə, biznes-klasdan imtina etməklə il ərzində on milyonlarla manat büdcə vəsaitinə qənaət etmək mümkündür.

Hüquqşünas əlavə edib ki, qənaət tədbirləri əsasən əhali üçün tətbiq olunur, halbuki real qənaət potensialı olan xərclər dəyişməz qalır.

O, həmçinin bildirib ki, rəsmi siyahıya daxil edilməsə də, dövlət şirkətləri və publik hüquqi şəxslərin rəhbər şəxsləri də faktiki olaraq biznes-klasdan istifadə edirlər. “Bu uçuşlar qurumların öz vəsaiti hesabına həyata keçirilir, lakin yekunda bu vəsait də dolayısı ilə dövlət resursları hesabına formalaşır”, – deyə Əkrəm Həsənov qeyd edib.

Qeyd edək ki, son illər dövlət büdcəsində xərclərin optimallaşdırılması, subsidiyaların azaldılması və sosial ödənişlərlə bağlı sərtləşmələr tez-tez gündəmə gətirilir. Bu fonda ezamiyyə və nəqliyyat xərcləri kimi inzibati məsrəflərin də yenidən nəzərdən keçirilməsinin vacibliyi ekspertlər tərəfindən vurğulanır.

Azər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr