AZ

Saray qəsəbəsində salınmış evlərin kanalizasiya və məişət suları “MİDA”ya məxsus əraziyə axıdılaraq ətrafı gölməçəyə çevirib - RƏSMİ

Saray bağları, Soltanbəy küçəsi sakinləri “MİDA” MMC barədə narazılıqlarını ifadə ediblər. Onlar iddia edirlər ki, "MİDA" tikinti apararkən yaxınlıqdakı gölü doldurub. Bu isə ətrafdakı evləri və küçələri su altında qoyur.

 

Pravda.az məsələ ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) sorğu ünvanlayıb.

 

Agentlikdən cavab olaraq bildirilib ki, Saray qəsəbəsində yerləşən 4,5 hektar torpaq sahəsində çoxmənzilli yaşayış kompleksinin tikinti işlərinə başlanılıb.

 

"Nəzərinizə çatdırırıq ki, Mənzil İnşaatı Dövlət Agentliyinə ayrılmış həmin ərazidə göl mövcud deyil. Yaxınlıqda salınmış evlərin kanalizasiya və məişət suları Agentliyə məxsus əraziyə axıdılaraq həm ərazini, həm də ətrafı gölməçəyə çevirib. Qeyd olunan məsələ ilə əlaqədar “MİDA” MMC-nin əməkdaşları Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ilə birlikdə əraziyə baxış keçirib və yaxınlıqdakı fərdi yaşayış evlərinin çirkab və qrunt sularının mövcud boru xətti ilə tikinti ərazisinə yönləndirildiyi müəyyən edilib. Diqqətinizə çatdırırıq ki, hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müvafiq tədbirlər görülür", - məlumatda qeyd olunub.

 

Aytəkin Qardaşova

Tarix: 26 Yanvar 2026, 08:10   
Seçilən
51
2
pravda.az

3Mənbələr