AZ

Tovuzda sosial faciə - Küçədə qalan ana və uşaq, susan icra başçısı və stolu...

Tovuz rayonunda uzun müddətdir ana və 11 yaşlı övladının küçə şəraitində yaşaması ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurub. Hadisə yalnız sosial faciə deyil, eyni zamanda yerli icraetmənin acizliyini və biganəliyini açıq şəkildə ortaya qoyur. 


Bizimesr.az-ın məlumatına görə, məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. 11 yaşlı uşaq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ana isə tibb müəssisəyə göndərilib.

Tovuzda küçədə yaşayan ana və uşağın görüntüləri yayıldı: Dövlət qurumları hərəkətə keçdi

Bəs, bu ana və uşaq küçədə yaşadığı müddətdə Tovuz Rayon İcra Hakimiyyəti harada idi? İcra başçısı nə iş görür? Rayon icra başçısı Məmməd Məmmədov niyə bu vətəndaşlara sahib çıxmayıb? Niyə məsələ sosial şəbəkələrdə və mediada geniş rezonans doğurandan sonra hərəkətə keçildi?

Bizimesr.az Tovuzdakı vəziyyəti qısa araşdıırdı. Tovuz sakinlər bildirir ki, artıq icra başçısından ümumiyyətlə imdad gözləmirlər. Kömək üçün müraciət edən vətəndaşlar ya qəbul edilmir, ya da problemləri dinlənilmir. Bu biganə münasibət nəticəsində insanlar dövlət qurumlarına ümidini itirir, hətta kömək istəməkdənsə küçədə qalmağa üstünlük verirlər.

Bu isə artıq fərdi yox, sistemli problemdir.

Ümumiyyətlə, Tovuz rayonunda, xüsusilə kəndlərdə vəziyyət olduqca ağırdır. Kənd yolları bərbad gündədir, sosial-iqtisadi durum çıxılmaz həddə çatıb. İnsanlar nə normal yol, nə iş, nə də elementar sosial təminat görə bilirlər.

İndi təqdim edilən foto isə bu vəziyyətin rəsmi simvoluna çevrilə bilər. Şəkil Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədovun Hunanlar kəndində 2025-ci il 4 dekabr tarixində keçirdiyi qəbul-görüş zamanı çəkilib. Fotoda görüş keçirilən otağın döşəməsinə və ümumi vəziyyətinə diqqət yetirmək kifayətdir.

Bunu “kənddir” deyib keçmək olar. Amma daha acınacaqlısı icra başçısının qarşısındakı masanın vəziyyətidir. Yəqin ki, bu masa kənd icra strukturlarında olan ən “yaxşı” masadır ki, icra başçısının önünə qoyulub. Əgər ən yaxşısı budursa, pisi hansı haldadır? Bu masa Tovuz rayonundakı real vəziyyətin simvoludur. Bir stolu olmayan kəndlər, bir normal yolu olmayan yaşayış məntəqələri, dərdini deyəcək adam tapa bilməyən sakinlər…



Və bütün bunların fonunda - Məmməd Məmmədovun qalustuku, kostyumu və ağappaq köynəyi... 

Tovuzda küçədə qalan ana və uşaq bir təsadüf deyil. Bu, illərdir yığılıb qalan sosial laqeydliyin, idarəetmə boşluğunun və yerli icra hakimiyyətinin vətəndaşdan uzaq düşməsinin nəticəsidir. 

Dövlət Komitəsi bu ana ilə uşağa sahib çıxdı, bəs ümumi rayona kim sahib çıxacaq? Bu sual hələ də cavabsızdır.
Seçilən
12
yenilik.az

1Mənbələr