ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişinin Kanada üçün fəlakətli olacağına əminliyini bildirib.
"Report"un məlumatına görə, Amerika lideri bunu "Truth Social" sosial şəbəkəsində yazıb.
"Kanada özünü sistematik şəkildə məhv edir. Çin sazişi Kanada üçün fəlakətdir. Bu, tarixdə ən pis sazişlərdən biri kimi xatırlanacaq", - paylaşımda deyilir.
"Onların bütün biznesləri ABŞ-ya köçür", - Tramp Kanada şirkətlərinə istinadən əlavə edib.
ABŞ Prezidenti əmin edib ki, Kanadanın yaşamasını və çiçəklənməsini istəyir. O, həmçinin Kanadanın avtomobil sənayesi nümayəndələrinin çıxışının videosunu paylaşıb və izləməyi tövsiyə edib. Bu çıxışda onlar digər məsələlərlə yanaşı, ABŞ ilə ticarət əlaqələrinin qorunmasının vacibliyini vurğulayıblar.
Tramp başqa paylaşımda iddia edib ki, Çin bir vaxtlar böyük olan Kanadanı uğurla və tamamilə ələ keçirir.
"İzləmək çox kədərlidir. Sadəcə ümid edirəm ki, onlar xokkeyə toxunmayacaqlar", - ABŞ Prezidenti əlavə edib.