Binəqədi rayonunun Biləcəri qəsəbəsində, "DSK yolu" adlanan ərazidə avtomobillər yüksək sürətlə hərəkət edir.
Kanalizasiya qapaqlarının yarasız hala düşməsi isə qəza riski yradır.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan şəxslər deyirlər ki, həmin istiqamətdə radarın olmamasından istifadə edən sürücülər gecə saatlarında yarış keçirirlər.
Sakinlərin sözlərinə görə, həmin yolda mütəmadi olaraq qəzalar baş verir. Xüsusilə də yük avtomobilləri sürətli idarə edildiyindən qəza riskini artırır.
Lyukların sıradan çıxmasına görə isə bəzi avtomobillərə ziyan dəyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol patrul xidməti əməkdaşları fasiləsiz xidmət aparırlar. Sakinləri narahat edən hallarla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Həmin əraziyə radar sisteminin quraşdırılıb-quraşdırılmayacağı araşdırmanın nəticəsinə əsasən məlum olacaq. Hazırda sakinlərin narahatlığına səbəb olan hallar nəzarətə götürülməklə diqqətdə saxlanılır. Əlavə naryad qrupları xidmətə cəlb olunub.
Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, son günlər yağan yağıntılardan sonra müəyyən ərazilərdə çuxurların əmələ gəlməsi və kiçik çökmələrlə bağlı orta təmir işləri aparılır. Sözügedən əraziyə də baxış keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.