Həkim Xoakin Diez bildirib ki, müntəzəm yuxu rejimi zehni sağlamlığı qorumağın ən vacib şərtlərindən biridir.
E-saglam.az-ın məlumatına görə, onun sözlərinə görə, hər gün fərqli saatlarda yatıb-durmaq narahatlıq və depressiya riskini əhəmiyyətli dərəcədə artırır.
Diez qeyd edib ki, yuxu vaxtlarının qeyri-sabit olması beyində bioloji saatın pozulmasına səbəb olur. Bu isə qıcıqlanma, diqqətin dağılması, yaddaş problemləri və öyrənmə çətinlikləri ilə nəticələnir.
Həkim vurğulayıb ki, yuxu rejiminin pozulması təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də təhlükəlidir. Belə vərdiş immun sistemini zəiflədir, orqanizmi infeksiyalara qarşı daha həssas edir.
Bundan əlavə, qeyri-müntəzəm yuxu piylənmə, diabet və ürək-damar xəstəlikləri riskini artıra bilər. Hətta uzun müddət yatılsa belə, gün ərzində yorğunluq və halsızlıq hissi davam edə bilər.
Mütəxəssis insanlara hər gün eyni saatda yatmağı və oyanmağı tövsiyə edir. Bu vərdiş həm zehni tarazlığı qorumağa, həm də ümumi sağlamlığı gücləndirməyə kömək edir.
Tərcümə: Könül Oruc
E-saglam.az