AZ

Təhlükəli Nipah virusundan ilk ölüm: ı? Azərbaycana risk varm

Hindistanda son dərəcə təhlükəli hesab edilən Nipah virusuna yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb.

Musavat.com bildirir ki, yerli və beynəlxalq mənbələrin məlumatına görə, hadisə Kəlküttə şəhərində baş verib.

Bildirilir ki, virusa yoluxan qadın komaya düşdükdən sonra dünyasını dəyişib. Hadisədən sonra şəhərdə epidemioloji vəziyyət nəzarətə götürülüb, yüzlərlə insan karantin tədbirlərinə cəlb olunub.

Məlumata görə, hazırda Nipah virusuna qarşı nə vaksin, nə də spesifik müalicə üsulu mövcuddur.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunur ki, bu virusa yoluxma zamanı ölüm göstəricisi 40-75 faiz arasında dəyişir. Ölüm riskinin yüksək olması birbaşa epidemioloji nəzarətin səviyyəsindən və tibbi yardımın keyfiyyətindən asılıdır.

Nipah virusu ilk dəfə 1998-1999-cu illərdə Malayziyada aşkar edilib. Virusun əsas təbii mənbəyi meyvəyarasaları, yəni uçan tülkülər hesab olunur. Yoluxma əsasən virus daşıyan heyvanlarla təmas, çirklənmiş qida məhsullarının qəbulu, eləcə də insanlar arasında birbaşa kontakt yolu ilə baş verir. Bir çox hallarda virusun ailədaxili və xəstəxanadaxili yayılması müşahidə olunub ki, bu da onun nəzarətdən çıxma riskini artırır. Məhz bu xüsusiyyətinə görə Nipah ÜST tərəfindən potensial pandemiya riski daşıyan patogenlər siyahısına daxil edilib.

Virus indiyədək əsasən Cənub və Cənub-Şərqi Asiya ölkələrində qeydə alınıb. Yoluxma halları Hindistan, Banqladeş, Malayziya və Sinqapurda aşkarlanıb. Xüsusilə Hindistanın Kerala və Qərbi Benqal ştatları risk zonası kimi qiymətləndirilir. Son ölüm faktı da məhz Qərbi Benqal ərazisində qeydə alınıb.

Hazırkı mərhələdə Nipah virusunun Azərbaycanda geniş yayılması ehtimalı olduqca aşağıdır. Bunun əsas səbəbləri virusun əsas daşıyıcıları olan meyvəyarasalarının ölkə ərazisində yayılmaması, Azərbaycanın epidemioloji baxımdan risk zonalarından coğrafi cəhətdən uzaqda yerləşməsi və səhiyyə sistemində mövcud nəzarət mexanizmləridir. Bununla yanaşı, qlobal miqrasiya və beynəlxalq hava nəqliyyatının intensivliyi nəzərə alınaraq, virusun idxalı ehtimalı tamamilə istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
51
olaylar.az

1Mənbələr