Rusiya Dövlət Duması Ermənistanda dövlət çevrilşi ittihamları ilə üzləşən iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb.
Bu barədə NTV məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasının “Yeni adamlar” fraksiyası hesab edir ki, Karapetyana qarşı açılan cinayət işi açıq şəkildə siyasi motivlidir.

Dövlət Dumasının sədr müavini və “Yeni adamlar” fraksiyasının lideri Vladislav Davankov bildirib ki, Samvel Karapetyanın işi ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. “Biz görürük ki, bu işdə siyasi motivlər var. Karapetyan faktiki olaraq təzyiqlərə məruz qalır və biz istintaqın tez, şəffaf və ədalətli aparılmasını tələb edirik”, – deyə Davankov vurğulayıb. Onun sözlərinə görə, deputatlar Karapetyanın işinə obyektiv və qərəzsiz baxılmasının tərəfdarıdırlar.
Parlament üzvləri, həmçinin yaxın vaxtlarda Rusiyaya səfər etməsi gözlənilən Ermənistan parlamentinin sədri ilə keçiriləcək görüşdə Samvel Karapetyanın məsələsini müzakirə etməyi planlaşdırırlar.
Karapetyan 2025-ci ildə həbs edilib. Ona qarşı irəli sürülən əsas ittiham hakimiyyəti devirməyə çağırışlar səsləndirməkdir.İstintaq orqanlarının iddiasına görə, Karapetyan açıq çıxışlarında Ermənistanın hazırkı rəhbərliyinə qarşı sərt mövqe tutub və siyasi sabitliyi pozmağa yönələn bəyanatlar verib. Həbsindən sonra Ermənistan hakimiyyəti Karapetyanın əsas aktivlərindən biri olan Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi prosesinə başlayıb. Rəsmi İrəvan şirkətin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edildiyini bildirir. Hazırda ev dustaqlığına buraxılmış Karapetyan isə ittihamları qəbul etmir və işin siyasi sifariş əsasında açıldığını bəyan edir.
Rusiya Dövlət Dumasının Samvel Karapetyan məsələsini gündəmə gətirməsi Moskvanın Ermənistanın daxili siyasətinə təsir göstərmək cəhdidir. Bu addım bir neçə əsas məqsədə xidmət edir.
Birincisi, Karapetyan işinin “siyasi təqib” kimi təqdim olunması Paşinyan hakimiyyətinə siyasi təzyiq vasitəsidir və Ermənistan rəhbərliyinin legitimliyini Rusiya informasiya məkanında sual altına alır. İkincisi, Moskva Rusiyaya bağlı iqtisadi elitanı qorumağa çalışır. Karapetyanın həbsi və aktivlərinin milliləşdirilməsi rusiyapərəst biznes dairələri üçün təhlükəli presedent yaradır. Üçüncüsü, Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi Rusiyaya həm iqtisadi, həm də siyasi təsir rıçaqlarının itirilməsi kimi görünür və bu addıma qarşı açıq xəbərdarlıq xarakteri daşıyır. Nəhayət, Rusiya Erməni Apostol Kilsəsi üzərindən cəmiyyətdəki təsir imkanlarını saxlamağa çalışır və kilsəyə yaxın fiqurların sıxışdırılmasına qarşı çıxır.
Moskva bu məsələ ilə Ermənistanın Qərbyönlü kursuna açıq mesaj verir: Rusiya orbitindən uzaqlaşma daxili siyasi və iqtisadi təzyiqlərlə müşayiət oluna bilər. Beləliklə, Karapetyan işi hüquqi çərçivəni aşaraq Rusiya–Ermənistan münasibətlərində geosiyasi təzyiq alətinə çevrilib.