Hindistanın Kəlküttə şəhəri yaxınlığında ölümcül Nipah virusu yayılmağa başlayıb. Bu barədə "The Economic Times" qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, artıq Benqal əyalətində virusa yoluxmanın beş halı aşkar edilib ki, bunlardan üçü bu həftə qeydə alınıb. Yoluxanlar arasında həkim və səhiyyə işçiləri də var.
Yeni ildən dərhal sonra Kəlküttə yaxınlığındakı özəl xəstəxanada işləyən daha iki tibb bacısında virus aşkarlanıb. Hər ikisində yüksək qızdırma və nəfəs darlığı yaranıb. Daha sonra onlardan biri komaya düşüb. Tibb işçisinin testlər aparılmazdan əvvəl vəfat edən bir xəstəni müalicə edərkən yoluxduğu ehtimal edilir.
Hələlik virusa qarşı peyvənd və ya müalicənin olmadığı bildirilir.
Bildirildiyinə görə, Nipah virusu yarasalar tərəfindən yayılan bir patogendir. Virus heyvanlardan insanlara ötürülə bilər və ağır formalarda ensefalit və tənəffüs yoluxucu xəstəliklərə səbəb ola bilir.
Xəbərdə o da deyilir ki, Nipah virusu hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində baş verir və bəzi hallarda ölüm nisbəti 80%-ə çatır.
"The Independent" qəzetinin məlumatına görə, hakimiyyət orqanları virusun qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. Vəziyyəti qiymətləndirmək üçün işçi qrup yaradılıb. Nəşr bildirib ki, "Hindistan beş yoluxma halı təsdiqləndikdən sonravirusun yayılmasının qarşısını almaq üçün sürətli tədbirlər görür".
Hindistan səhiyyə orqanları yoluxmuş şəxslərlə təmasda olan təxminən 180 nəfəri müayinə edib. Onlardan ən azı 20-si yüksək riskli hesab edilərək karantinə alınıb. Hakimiyyət orqanları xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüklərini bildirir.
SAMİRƏ