Dünyanın ən iri azad ticarət məkanlarından birinin yaradılması gündəmdədir...
Poliqon xəbər verir ki, Avropa İttifaqı (Aİ) və Hindistan uzun illərdir davam edən danışıqlarda həlledici mərhələyə yaxınlaşıb. Tərəflər azad ticarət haqqında sazişin razılaşdırılmasını öz tarixlərində ən böyük iqtisadi anlaşma kimi qiymətləndirir. Danışıqların yekun mərhələyə çıxması qlobal ticarətdə artan qeyri-müəyyənlik, həmçinin ABŞ-nin prezidenti Donald Tramp administrasiyası ilə münasibətlərdə yaranan gərginlik fonunda baş verir.
Məlumata görə, Brüssel və Yeni Dehli eyni vaxtda yeni iqtisadi dayaqlar axtarır. Bu kontekstdə Aİ–Hindistan sazişi yalnız qarşılıqlı ticarətin liberallaşdırılması deyil, həm də tərəflərin qlobal iqtisadi risklərə qarşı birgə cavabı kimi dəyərləndirilir. Razılaşmanın reallaşması Avropa şirkətləri üçün Hindistan bazarına çıxışı asanlaşdıracaq, Hindistan isə Avropa bazarında mövqelərini gücləndirəcək.
Yeni yaxınlaşmanın rəmzi kimi Aİ rəhbərliyinin 25–27 yanvar tarixlərində Hindistana səfəri nəzərdə tutulur. Avropa Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Hindistanın Respublika Günü tədbirlərinin əsas xarici qonaqları olacaq. Onların səfər çərçivəsində yüksək səviyyəli sammitdə iştirakı və ticarət sazişi üzrə əldə olunmuş razılaşmaların siyasi təsdiqi gözlənilir.
Qeyd edək ki, Aİ ilə Hindistan arasında danışıqlar hələ 2007-ci ildə başlayıb, sonradan bir müddət dayandırılıb və 2022-ci ildə yenidən bərpa edilib. Razılaşma imzalanacağı təqdirdə, təxminən 2 milyard əhalini əhatə edən, dünya ÜDM-ində əhəmiyyətli paya malik nəhəng ticarət məkanı formalaşacaq.
Tərəflər vurğulayır ki, söhbət yalnız tariflərin azaldılmasından getmir. Gələcək saziş tədarük zəncirlərinin koordinasiyası, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və iqtisadi təhlükəsizlik sahələrində əməkdaşlığı da əhatə edəcək. Bu baxımdan Aİ–Hindistan razılaşması adi iqtisadi müqavilə deyil, qlobal ticarətdə yeni güc balansının formalaşmasının mühüm elementi kimi qiymətləndirilir.
Poliqon.info