AZ

Müharibə təbilləri çalınır! İran son dövrlərin ən sərt mesajını verir

ABŞ prezidenti Tramp Yaxın Şərqə böyük bir dəniz donanmasının yerləşdiriləcəyini elan etdikdən sonra İran ABŞ-ın mümkün hücumunu tammiqyaslı müharibə hesab edəcəyini və mümkün olan ən sərt şəkildə cavab verəcəyini bəyan etdi.

Turkustan.az xəbər verir ki, İran hökuməti ABŞ prezidenti Donald Trampın İrandakı hadisələri yaxından izlədiklərini və Yaxın Şərqə böyük bir dəniz donanması göndərdiklərini açıqlamasına sərt reaksiya verdi. Reuters agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi ABŞ-ın hər hansı potensial hücumunun cəzasız qalmayacağını vurğuladı.

Adının çəkilməsini istəməyən İran rəsmisi bildirib ki, "Bu dəfə, istər məhdud, istər məhdudiyyətsiz, istər dəqiq, istərsə də kinetik adlandırsınlar, bizə qarşı hər hansı bir hücumu tammiqyaslı müharibə hesab edəcək və onu həll etmək üçün mümkün olan ən sərt şəkildə cavab verəcəyik".

ABŞ-ın bölgədəki hərbi güclənməsinə toxunan rəsmi, Vaşinqtonun bu addımının real münaqişəyə yönəlmədiyinə ümid etdiklərini söylədi. Bununla belə, ordunun ən pis ssenariyə hazır olduğunu vurğulayan rəsmi, "Buna görə də İran tam hazırlıq vəziyyətindədir. Amerikalılar İranın suverenliyini və ərazi bütövlüyünü pozarsa, biz də cavab verəcəyik" dedi. İran rəsmisi cavabın mahiyyəti ilə bağlı təfərrüatları açıqlamadı.

Rəsmi şəxs, İranın özünümüdafiəsinin zəruri olduğunu iddia edərək, ABŞ-ın davamlı hərbi təhdidi altında olan bir ölkənin hücumu dəf etmək və İrana hücum etməyə cəsarət edən hər kəslə tarazlığı bərpa etmək üçün bütün resurslarından istifadə etməkdən başqa çarəsi olmadığını bildirdi.

ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun görüşlərindən sonra ölkəsinə qayıdarkən təyyarədə verdiyi açıqlamada İranı yaxından izlədiklərini bildirib və əlavə edib: "Ehtiyat tədbiri olaraq bu istiqamətə çox sayda gəmi göndərdik. Böyük bir dəniz donanması bölgəyə doğru gedir. Ümid edirəm ki, heç nə olmaz, amma biz onları çox diqqətlə izləyirik".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
30
turkustan.az

1Mənbələr