AZ

Avstriya kansleri Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünə qarşı çıxıb

BAKI, 24 yanvar. TELEQRAF

Avstriyanın kansleri Kristian Ştoker Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qaydada qəbul edilməsinin əleyhinə olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Ştoker bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına üzvlük üçün digər namizəd ölkələrlə bərabər şərtlər əsasında iddiaçı olmalıdır. Kansler qeyd edib ki, Ukraynanın Qərbi Balkan ölkələri kimi Aİ üzvü olmaq imkanı var, lakin o, sürətləndirilmiş qəbul prosedurunun tərəfdarı deyil.

“Qəbul üçün müəyyən edilmiş meyarlar yerinə yetirilməlidir. Mən hesab edirəm ki, şərtlər hamı üçün eyni olmalıdır”, – deyə Ştoker vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Britaniyanın Financial Times qəzeti Ukraynanın ABŞ-yə təqdim etdiyi sülh nizamlanması variantında ölkənin 2027-ci il yanvarın 1-dək Avropa İttifaqına üzv olmasının nəzərdə tutulduğunu yazmışdı. Məlumata görə, Brüssel Kiyevin bu istəyini dəstəkləyir, lakin Ukraynanın bu qədər qısa müddətdə Aİ-yə qəbul edilməsi birlikdə üzvlük prosedurlarının yenidən yazılmasını tələb edə bilər.

Qeyd olunur ki, Avropa İttifaqına qəbul üzrə danışıqlar namizəd ölkənin qanunvericiliyinin Aİ qanunvericiliyi ilə tam uyğunlaşdırılmasını nəzərdə tutur. Bu proses adətən 10 ildən çox davam edir və sərt vaxt çərçivəsi mövcud deyil. Məsələn, Türkiyə Avropa İttifaqına üzvlük danışıqlarına 2005-ci ildə başlayıb və bu proses artıq 20 ilə yaxındır davam etsə də, ölkənin birliyə qəbulu ilə bağlı real perspektiv hələ də görünmür.

Seçilən
110
teleqraf.com

1Mənbələr