AZ

Sülh təşəbbüsləri region üçün siyasi-iqtisadi dividendlər formalaşdırır – ŞƏRH

Bakı, 23 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi ardıcıl sülh təşəbbüsləri regionda yeni siyasi-iqtisadi reallıqlar yaradır. “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması Cənubi Qafqazda dayanıqlı sabitliyin təmin olunması, qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Onun sözlərinə görə, bu addım siyasi müstəvidə regionda dialoq və əməkdaşlığın institusional inkişafına xidmət edir.

“Münaqişə risklərinin azalması təhlükəsizlik mühitinin sağlamlaşmasına, dövlətlərarası münasibətlərdə proqnozlaşdırılan və konstruktiv yanaşmanın formalaşmasına şərait yaradır. Eyni zamanda, sülh mexanizmlərinin güclənməsi beynəlxalq təşkilatların və tərəfdaş ölkələrin regiona marağını artırır, Cənubi Qafqazın sülh və sabitlik məkanı kimi mövqelərini möhkəmləndirir. Azərbaycan bu prosesdə sülh gündəliyinin təşəbbüskarı və aparıcı aktor kimi çıxış edərək regional liderlik mövqeyini daha da gücləndirir. İqtisadi baxımdan isə siyasi sabitlik dayanıqlı inkişafın əsas şərti kimi çıxış edir. Risklərin azalması birbaşa xarici investisiyaların cəlb olunmasını sürətləndirir, xüsusilə nəqliyyat-logistika, enerji və sənaye sahələrində yeni layihələrin reallaşmasına imkan yaradır. Regional kommunikasiya xətlərinin açılması və inteqrasiyası tranzit potensialını artırır, ticarət dövriyyəsinin genişlənməsinə və iqtisadi əlaqələrin dərinləşməsinə zəmin yaradır. Bu amillər region ölkələrinin sosial-iqtisadi inkişafına, məşğulluğun artmasına və ümumi rifahın yüksəlməsinə müsbət təsir göstərir”, - deyə C.Dal bildirib.

Türkiyəli ekspert əlavə edib ki, Prezident İlham Əliyevin sülh təşəbbüsləri region üçün həm siyasi, həm də iqtisadi dividendlər formalaşdırmaqla Cənubi Qafqazda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunmasına xidmət edir: “Azərbaycanın konstruktiv mövqeyi regionu rəqabət və qarşıdurma məkanından qarşılıqlı faydaya əsaslanan inkişaf zonasına çevirməyi hədəfləyir”.

Seçilən
119
azertag.az

1Mənbələr