Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanın Sülh Şurasında təsisçi üzv dövlət qismində təmsil olunması böyük uğurdur. Çünki bu gün müasir beynəlxalq münasibətlər sistemində ciddi ziddiyyətlər, kəskin mövqelər, eskalasiyalar, müharibələr, böhranlar, hakimiyyət əleyhinə üsyanlar, miqrasiya və ekoloji problemlər kimi çoxsaylı çağırışlar mövcuddur. Belə həssas və mürəkkəb beynəlxalq şəraitdə sülhə, təhlükəsizliyə, sabitliyə və həmrəyliyə ehtiyac, xüsusilə böyükdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
O bildirib ki, ABŞ lideri Donald Tramp öz prezidentliyi dövründə müharibələrin dayandırılması missiyasını ön plana çəkərək, problemlərin dialoq və sülh yolu ilə həllinə üstünlük verilməsini təşviq edib. Sevindirici haldır ki, Azərbaycan sülh və təhlükəsizliklə bağlı beynəlxalq məsələlərin müzakirə olunduğu mühüm platformalarda fəal şəkildə yer alır. Bunun əsas səbəbi Azərbaycanın regional təhlükəsizlik, sülh və sabitliyə verdiyi töhfələr, eləcə də dövlətimizin başçısının siyasi liderliyi və irəli sürdüyü mühüm təşəbbüslərdir.
“Qeyd etmək lazımdır ki, ötən ilin oktyabrında Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində də Azərbaycan Prezidenti iştirak etmişdi. Ümumiyyətlə, Vaşinqtonda avqustun 8-də keçirilən görüşdən və imzalanan sənədlərdən sonra ABŞ-Azərbaycan münasibətləri daha da inkişaf edib, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Hazırda ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzərində fəal iş aparılır. Gözlənilir ki, tranzit, ticarət, logistika, hərbi təhlükəsizlik, süni intellekt və digər sahələri əhatə edən bu sənəd ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”,-deyə İ.Hüseynov vurğulayıb.
Politoloq əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olunması prosesində fəal rol oynayır. Eyni zamanda, ölkəmiz beynəlxalq münaqişələrin həllində vasitəçilik təşəbbüsləri ilə çıxış edir. Bundan əlavə, Azərbaycan beynəlxalq münaqişələrin həlli üçün öz məkanını, imkanlarını və potensialını təklif edir. Xüsusilə Yaxın Şərq mövzusu ilə bağlı açıq və qapalı formatlarda bir sıra mühüm görüşlər ölkəmizdə keçirilib. Azərbaycan Əfqanıstan, İraq, Kosovo və digər bölgələrdə beynəlxalq sülhməramlı missiyalarda da iştirak edib. Beləliklə, Azərbaycanın Sülh Şurasında təsisçi üzv kimi iştirakı beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər.