AZ

Aİ müşahidəçilərinin “gedəcəyik” bəyanatına Bakıdan REAKSİYA

Deputat: “Cənubi Qafqazın gələcəyi müşahidə missiyalarının hesabatlarında deyil, imzalanan sənədlərlə və yerinə yetirilən öhdəliklərlə müəyyən olunur”

Picture

Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi qüvvəyə mindikdən sonra Avropa İttifaqının ölkədəki müşahidə missiyasına ehtiyac qalmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Televiziyasına açıqlamasında Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən və missiyasını başa vurmaq üzrə olan müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib.

O qeyd edib ki, missiyanın əsas məqsədi regionda sülhün və sabitliyin təmin olunması olub və sülh müqaviləsinin imzalanması ilə artıq xarici müşahidəçilərin iştirakı tələb olunmayacaq.

Picture

Deputat Elçin Mirzəbəyli məsələ ilə bağlı Musavat.com-a bildirib ki, Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının rəhbərinin bəyanatı, əslində, gecikmiş etiraf təsiri bağışlayır. Çünki bu gün artıq əsas sual missiyanın nə vaxt gedəcəyi deyil, niyə indiyədək qaldığıdır:

“Xüsusilə də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanan sülh sazişi, eləcə də tərəflər arasında imzalanmış digər normallaşma sənədləri fonunda bu missiyanın mövcudluğu siyasi və məntiqi əsaslarını demək olar ki, tam itirib.

Vaşinqtonda əldə olunan razılaşmalar bir daha göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün nə Avropa İttifaqının müşahidə missiyasına, nə də kənar “nəzarət mexanizmlərinə” ehtiyac var. Paraflanan sülh sazişi, qarşılıqlı öhdəlikləri əks etdirən sənədlər və delimitasiya-demarkasiya prosesinə dair razılaşmalar sübut edir ki, tərəflər birbaşa siyasi iradə nümayiş etdirdikdə real nəticələr əldə olunur”.

Deputatın sözlərinə görə, bu proseslərdə diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Aİ missiyası bu razılaşmaların heç birində rol oymamayıb:

“Sənədlər Brüsselin müşahidə kameraları altında deyil, tərəflərin məsuliyyət daşıdığı diplomatik platformada formalaşıb. Bu isə Aİ missiyasının “sülh üçün zəruri vasitə” olması iddiasını faktiki olaraq puç edir.

Avropa İttifaqının missiyası regionda birtərəfli mandatla fəaliyyət göstərib. Bu fakt missiyanın legitimliyini sual altına almaqla yanaşı, onun sülh prosesinə töhfə vermək imkanlarını da məhdudlaşdırıb. Vaşinqtonda paraflanan sülh sazişi isə göstərir ki, legitimlik məsələsi yeganə açardır. Tərəflər yalnız qarşılıqlı tanınma, suverenliyə hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan mexanizmlərlə irəliləyə bilirlər. Aİ missiyası isə bu çərçivəyə daxil olmadığından, prosesin kənarında qalıb və faktiki olaraq funksional əhəmiyyətini itirib”.

“Aİ missiyasının fəaliyyətinə praktiki baxış göstərir ki, o, sülhü sürətləndirməkdən daha çox, Ermənistan üçün psixoloji və siyasi komfort zonası yaradıb. Xarici müşahidəçilərin mövcudluğu İrəvana real kompromislərdən yayınmaq, daxili auditoriyaya isə “təhlükəsizlik zəmanəti” görüntüsü vermək imkanı yaradıb”,deyə E.Mirzəbəyli bildirib..

Deputat qeyd edib ki, Aİ missiyası sülhün sürətləndiricisi deyil, əksinə, uzun müddət onu dolayı yolla ləngidən faktorlardan biri olub:

“Markus Ritterin missiyanın sülh müqaviləsindən sonra ölkəni tərk edəcəyi ilə bağlı açıqlaması formal baxımdan müsbət kimi təqdim oluna bilər. Lakin bu bəyanatın mahiyyətinə nəzər saldıqda aydın olur ki, Avropa İttifaqı faktiki olaraq öz missiyasının əhəmiyyətsizliyini etiraf edir. Üstəlik, Vaşinqtonda paraflanmış sülh sazişi göstərir ki, “sonra” anlayışı kifayət qədər şərtidir. Çünki sülhün hüquqi və siyasi konturları formalaşıb. Belə olan halda sual yaranır, əgər sülhün əsas çərçivəsi mövcuddursa, Aİ missiyası bu gün nəyi müşahidə edir? Mövcud faktlar açıq şəkildə göstərir k, Avropa İttifaqının müşahidə missiyasına nə ilkin mərhələdə, nə də bu gün ehtiyac olub. Vaşinqtonda paraflanan sülh sazişi və digər sənədlər sübut edir ki, sülh kənar missiyalar olmadan da mümkündür. Dayanıqlı sülh yalnız birbaşa dialoq, qarşılıqlı öhdəliklər və regional məsuliyyət əsasında qurula bilər. Cənubi Qafqazın gələcəyi müşahidə missiyalarının hesabatlarında deyil, imzalanan sənədlərlə və yerinə yetirilən öhdəliklərlə müəyyən olunur”.

Seçilən
32
editor.az

1Mənbələr