Bir neçə gün bundan öncə televiziya kanallarında Bakıda gecə saatlarında məhəllə hasarının tikinti şirkəti tərəfindən uçurulması ilə bağlı məlumatlar yayılıb.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə Xəmsə Palace 2021 tərəfindən iki bina inşa edilib. İddia olunur ki, üçüncü binanın tikintisi zamanı aparılan qazıntı işləri nəticəsində onların yaşadığı həyətin daş hasarı uçub.
Ev sahibi bildirir ki, məhkəmə qərarına əsasən tikinti işləri dayandırılmalı idi. Lakin buna baxmayaraq, işlərin davam etdirildiyi iddia olunur.
Məsələ ilə bağlı tikinti şirkətindən verilən açıqlamada qeyd olunub ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının sərəncamına əsasən inşa edilib. Hasarın uçması isə yağıntılı havada aparılan işlər zamanı torpaq qatının yumşalması ilə əlaqələndirilib. Şirkət tərəfindən həmçinin bildirilib ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisinə daxildir.
Vətəndaş isə məsələ ilə bağlı bildirib ki, torpaq sahəsinin çıxarışı olmasa da, əlində bələdiyyə sənədi mövcuddur və çıxarışın alınması üçün müvafiq dövlət qurumuna müraciət edib.
Məsələ ilə bağlı Patrul.az-a açıqlama verən MTK nümayəndəsi bildirib ki, sözügedən ərazi sərəncamla şirkətə verilib və icarə çıxarışı MTK-ya məxsusdur. Onun sözlərinə görə, mənzil sahibi sahəsi təxminən 400 kvadratmetr olan evinə görə 2 milyon manat məbləğində kompensasiya tələb edir.
Bununla bağlı “Xəmsə Palace 2021” Tikinti Korporativinin sədr köməkçisi Miribrahim Məmmədov aşağıdakı açıqlama ilə çıxış edib:
“Mən, Məmmədov Miribrahim, “Xəmsə Palace 2021” Tikinti Korporativinin sədr köməkçisi olaraq son günlər sosial şəbəkələrdə şirkətimizlə bağlı yayılan bəzi iddialara aydınlıq gətirmək istəyirəm.
Nəzərinizə çatdırıram ki, sözügedən hər iki bina ölkə başçısının sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilib. Həmin ərazi isə dayanacaq və sakinlərin istirahəti üçün nəzərdə tutulub.
Ümumilikdə 6,3 hektar torpaq sahəsi dövlət başçısının sərəncamına əsasən şirkətimizin balansına verilib və Bakı şəhərinin təsdiq olunmuş Baş Planına uyğun olaraq burada yaşayış və qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulur.
Şikayətçi vətəndaşın yaşadığı mənzilə bitişik ərazidə şirkətə məlum olmayan yollarla, saxta və ya hər hansı bələdiyyə sənədi əsasında 24 sot torpaq sahəsinin sənədləşdirildiyi iddia olunur. Halbuki həmin torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 6,3 hektar ərazi rəsmi şəkildə şirkətimizin balansına verilib.
Qeyd olunan hasarın şikayətçi qonşuya heç bir aidiyyəti yoxdur. Sözügedən hasar əvvəlki alqı-satqı zamanı əldə edilmiş evə məxsusdur və Məmmədov İlqar Allahverdi oğluna aiddir. Şirkət torpaq sahəsini əldə edərkən tərəflər arasında razılaşma olub ki, bu hasar qonşu ilə aramızdakı sədd kimi qəbul edilsə də, mülkiyyət baxımından şirkətə məxsusdur. Sonradan ərazidə şirkət tərəfindən aparılan qazıntı işlərindən və yağan intensiv yağışlar nəticəsində torpaq səthinin yumşalması səbəbindən hasar aşmışdır.
Yerində baxış zamanı da aydın görünür ki, həmin ərazinin bir tərəfi yüngül konstruksiyalı setka ilə hasarlanıb. Bu hasar şikayətçi ilə digər qonşu arasında yerləşir və bir daha qeyd edirəm ki, İlqar Məmmədova məxsusdur.
Hazırda şirkətimiz də yaranmış vəziyyətin həlli yollarını gözləyir. Məsələ ilə bağlı rəhbərlik səviyyəsində danışıqlar aparılır, lakin hələlik ortaq məxrəcə gəlinməyib. Şikayətçi tərəfdən yüksək məbləğdə maddi təklif irəli sürülüb, lakin bu məbləğ şirkətin mövcud maliyyə imkanlarına uyğun deyil.
Onu da qeyd etmək istərdim ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, fərdi yaşayış evlərinin tikintisi üçün bələdiyyələr tərəfindən maksimum 4 və ya 6 sot torpaq sahəsi ayrılması mümkündür. Halbuki burada 24 sot torpaq sahəsinin guya “Xəmsə Palace” ərazisi tərəfindən hasarının uçurulduğu iddia edilir ki, bu, faktiki vəziyyətə uyğun deyil.”