AZ

Anar Stalini niyə görə bilməyib? - “Halbuki hamıya gözünü zilləmişdi”

"Mən, tutalım, Mirzə Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Əhməd Cavadı, Mikayıl Müşfiqi görə bilməzdim. Ancaq onların canlı insani cizgilərini atamın, anamın yazılı mətnlərindən, şifahi söhbətlərindən qavradığım kimi, yaradıcılıqları, taleləri haqqında öz düşüncələrim həmin şəxsiyyətlərin bədii surətlərini bu yazıda əks etdirməyə imkan verir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev "Keçən keçdi, olan oldu" adlı məqaləsində yazıb.

1938-ci ildə doğulmuş Xalq yazıçısı əsrdaşı olduğu Stalini də həmin siyahıya əlavə edib:

“Yaxud Stalin! 15 yaşıma qədər onun dövründə yaşasam da, onu şəxsən görməmişdim (halbuki məsələn, Moskvada nümayişdə rəhbəri canlı görmək ehtimalı ola bilərdi). Amma hətta televiziya erası gəlməzdən öncə də Sovet İttifaqında bircə nəfər belə, “mən Stalini görməmişəm” deyə bilməzdi. Çünki yalnız qəzet, jurnal və kinoekranlardan deyil, idarələrdə və hətta evlərdə divarlardakı şəkillərindən də Stalin daima hamıya gözünü zilləmişdi, zəhmi qara kabus kimi hər kəsin üstünə çökmüşdü.

Nazim Hikmətin ona həsr etdiyi şeirində bu fenomen çox dəqiq ifadə olunub. Amma SSRİ əhalisinin böyük qisminin bu şəkillərə rəğbət, hörmət və hətta məhəbbət hissləriylə baxdığını da danmaq olmaz”.

Stalindən fərqli olaraq, yazıçı başqa bir əsrdaşını - Mir Cəfər Bağırovu uşaqlığında cəmi bircə dəfə gördüyünü bildirib:

“Stalindən bəhs etmədən, onun bir neçə nəslin taleyində oynadığı roldan söz açmadan dövrümüz haqqında danışmaq mümkün deyil. Yaxud onun Azərbaycan miqyasında kopyası Mir Cəfər Bağırov. Canlı Bağırovu uşaqlığımda bircə dəfə uzaqdan-uzağa görmüşdüm. Amma atamın, başqa çağdaşlarının söhbətlərindən, yaxud bu gün açılan tarixi faktlardan, hərəkətlərinin mahiyyəti haqqında bildiklərimdən və bütün bunlar barəsində öz qənaətlərimdən, düşüncələrimdən çıxış edərək bu çox mürəkkəb təbiətli, zabitəli, zəhmli, amansız və rəhmsiz, eyni zamanda, yeri gələndə, millətinin qeyrətini çəkməyi bacaran insanın həm güclü, həm qəddar cəhətlərini təhlil etmək vacibdir”.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
99
yenisabah.az

1Mənbələr