AZ

Liderlərin hər biri xal itirdi - İCMAL

Premyer-liqada hesabat turu ilk 4 pillədə qərarlaşan komandaların hər birinin xal itirməsi ilə əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” ilə “Aston Villa” uduzdu, “Arsenal” və “Liverpul” isə autsayderlərin müqavimətini qıra bilmədi. Hər halda, ən yaxın izləyicisini 7 xal qabaqlayan “topçular” yetərincə rahatdı.

Yeni baş məşqçinin gəlişinin əksər hallarda komandanın nəticələrinə və əhval-ruhiyyəsinə müsbət təsir göstərdiyini deyirlər. Bu qayda heç də həmişə işləməsə də, “Mançester Yunayted”in mövsümün sonuna qədər Maykl Karrikin rəhbərliyi altında çalışacağı bəlli olunca xeyli dəyişdiyini deyə bilərik. “Qırmızı şeytanlar” Mançester derbisində “Siti” üzərində parlaq qələbə qazandı, rəqibi bütün komponentlərdə üstələdi. Nominal meydan sahibləri bilərəkdən topu rəqibə verməklə ildırım sürətli əks-hücumlar qururdular. Karrikin planı gözəl işlədi. “Siti” futbolçularının topa nəzarəti Lammensin qapısı önündə təhlükəli vəziyyətlərlə müşayiət olunmurdu. Qvardiolanın komandasının ilk yarıda hesabı açmaq şansı oldu, onda da qapıçı Alleynin çətin zərbəsinin qarşısını aldı. MY isə hələ ilk yarıda hesabı açmalıydı, ancaq bir neçə təhlükəli vəziyyəti boşa verdi, Diallo ilə Fernandeşin qolları da ofsayd üzündən sayılmadı.

Donnarumma 2-ci hissənin əvvəlində də bir neçə gözəl seyvlə yadda qaldı. Ancaq italiyalı qapıçı da 65-ci dəqiqədə “ağ bayraq qaldırdı”. Mbemo hesabı açandan 11 dəqiqə sonra isə Dorqu fərqləndi. “Yunayted”in futbolçuları sonda yenə rəqibi əks-hücumda tutdu, hətta daha bir qol vurdular. Sadəcə, Mauntun qolu da ofsayda “qurban getdi”. Hər halda, iki qol da qələbə üçün kifayət idi. MY taktiki planı yerinə yetirmək baxımından nümunəvi oyun keçirdi və 5-ci pilləyə yüksəldi. Çempionluq uğrunda mübarizə aparan “Siti”nin isə ardıcıl xal itkiləri davam edir. Belədə “Arsenal”la rəqabət aparmaq çətindi.

Baxmayaraq ki, həmin “Arsenal” da elitada qalmaq uğrunda mübarizə aparan “Nottingem Forest”lə oyunda xal itirdi. Debütdə meydanda bərabər mübarizə getdi, “topçular” yalnız künc zərbələrini öz hesabına yaza bilər: Madueke və Rays bu yolla hesabı açmağa çalışsa da, alınmadı. Meydan sahibləri də boş dayanmırdı: Hadson-Odoi az qala qapıçı ilə üzbəüz qalacaqdı ki, cərimə meydançasını tərk edən Rayya təhlükəni sovuşdurdu. Arteta fasilədən sonra əvəzetmələr hesabına oyunun axarını dəyişməyə çalışdı. Rays hesabı aça bilərdi, ancaq Sels topun qapıdan keçməsinə imkan vermədi. Bir qədər sonra “meşəçilər”in qapıçısı Sakanın baş zərbəsinin qarşısını inanılmaz şəkildə almaqla daha bir seyv etdi. Xal itirmək istəməyən londonlular get-gedə təzyiqi artırırdı. Ancaq meydan sahibləri müdafiədə etibarlı oynayır, rəqibin təhlükəni böyütməsinə imkan vermirdi. Tablodakı 0:0 hesabı sona qədər dəyişmədi. “Arsenal” MS ilə xal fərqini 9-a çatdırmaq şansını qaçırdı.

“Liverpul” da evdə “Bernli”yə qalib gələ bilmədi. Birinci dövrədə bu, Salahın penaltidən fərqlənməsi sayəsində mümkün olmuşdu. İndi isə misirli ulduz heyətdə yox idi, Afrika Millətlər Kubokunda 3-cü yer uğrunda oynayırdı. Çox güman, heç o da “qırmızılar”a kömək edə bilməyəcəkdi. Alisson ilk yarıda işsiz qaldı, rəqib qapısına yüklənən mersisaydlıların hücumları fonunda Dubravka tez-tez komandasını xilas etməli olurdu. Parkerin fasilədə yetirmələrinə nə dediyini bilmirik, ancaq qonaqlar 2-ci hissədə daha cəsarətli oynamağa başladı. “Liverpul” isə belə həmlə gözləmirdi. Nəticədə 65-ci dəqiqədə Edvards hesabı bərabərləşdirdi. Bundan sonra qonaqlar müdafiədə daha inamlı oynamağa başladı.

Yeri gəlmişkən, Soboslai 32-ci dəqiqədə penaltini tirə vurdu, Ekitike künc zərbəsindən sonra fərqlənsə də, buna qədər top əlinə dəydiyinə görə qol hesaba alınmadı. Bir sözlə, “Enfild”də sensasiya yaşandı, favorit statusunu doğrultmadı, azarkeşlər isə komandanı fitə basdı. “Çərçivə”yə gedən zərbələrin hesabı 11:1 olsa da, reallıq budu ki, tarixə 1:1 hesabı düşdü.

“Çelsi” premyer-liqadakı 5 oyunluq qələbəsiz seriyanı dayandırdı. “Zadəganlar” Rosenyorun rəhbərliyi altında keçirdiyi ilk çempionat oyununda premyer-liqadakı son 6 qarşılaşmada məğlubiyyət tanımayan “Brentford”un öhdəsindən gəldi. Ədalət naminə deyək ki, oyunun əksər bölümündə “arılar” ən azı rəqibdən zəif təsir bağışlamadı. “Brentford” həm zərbə sayında, həm də topa nəzarət baxımından üstün idi. Sadəcə, qonaqlar həlledici məqamda soyuqqanlı davrana bilmirdi. Əvəzində “zadəganlar” rəqib müdafiəsinin səhvindən iki dəfə yararlandı. Meydan sahibləri ilk yarının ortalarında Pedronun məhsuldar zərbəsi sayəsində irəli çıxdı, 2-ci hissədə osə Palmer penaltini qola çevirməklə yekun nəticəni müəyyənləşdirdi. “Çelsi”nin qələbəsini ədalətsiz adlandırmaq olmaz, ancaq “Brentford” da 0:2-yə qətiyyən layiq deyildi. “Çelsi” qələbə sayəsində məhz bu komandanı arxada qoya bildi.

İngiltərə futbolunun nəhənglərindən “Tottenhem” aşkar böhran yaşayır. 2026-da qələbəyə həsrət qalan “mahmızlar” hesabat turunda autsayder “Vest Hem”ə uduzdu. Onlar heç-heçəni 90+3-cü dəqiqədə əldən verdi. Ümumiyyətlə, “Tottenhem” son 8 oyunun yalnız birində qələbə qazanıb. Komanda “avrokubok zonası”ndan artıq 8 xal uzaqdı. Ölkə və Liqa kubokunda mübarizəni dayandırdığını da nəzərə alsaq, növbəti mövsüm Avropda oynamağın yeganə yolu Çempionlar Liqasını qazanmaqdı ki, bu da real deyil.

Turun qalan oyunlarına gəlincə, “Aston Villa” gözlənilmədən evdə “Everton”a uduzdu. Düzdü, bu nəticə birmingemilərin 3-cü pilləni əldən verməsinə səbəb olmadı. “Lids” “Fulhem”ə, “Sanderlend” “Kristal Pelas”a qalib gəldi, “Vulverhempton” – “Nyukasl” oyununda qapılara qol vurulmadı.

22-ci tur
Mançester Yunayted – Mançester Siti 2:0

Mbemo, 65. Dorqu, 76. (74004)
MY: Lammens, Dalot, Maquayr, Martines, Şou (Heven, 90+1), Kazemiro (Uqarte, 81), Maynu, Diallo, Fernandeş (Maunt, 90+1), Dorqu, Mbemo (Kunya, 71).
MS: Donnarumma, Lüis, Xusanov, Alleyn (O’Rayli, 46), Ake, Rodri, Semenyo, Foden (Şerki, 46), B.Silva (Reynders, 80), Dokyu (Ayt-Nuri, 80), Holann (Mukasa, 80).

Nottingem Forest – Arsenal 0:0
(30729)
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Timber, Edeqor (Merino, 57), Subimendi (Eze, 79), Rays, Madueke (Saka, 57), Dyökereş (Jezus, 57), Martinelli (Trossar, 46).

Liverpul – Bernli 1:1
Virts, 42 – Edvards, 65. (60431)
Liverpul: Alisson, Frimponq, Konate, Van Diyk, Kerkez (Robertson, 78), Qravenberx (Makallister, 78), Cons (Kyeza, 87), Soboslai, Virts, Qakpo (Nqumoa, 78), Ekitike.

Çelsi – Brentford 2:0
Pedro, 26. Palmer, 76-p. (39704)
Çelsi: Sançes, Ceyms (Açimponq, 85), Çaloba, Adarabioyo (Fofana, 58), Kukurelya, Kaysedo, Fernandes (Hato, 85), Neto, Palmer, Qarnaço (Santes, 57), Pedro (Delap, 74).

Tottenhem – Vest Hem 1:2
Romero, 63 – Sommervill, 15. Uilson, 90+3. (60857)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Devis (Spens, 19), Qrey (Bissuma, 46), Qallaher, Odober (Berqvall, 90), Simons, Tel (Solanke, 62), Kolo-Muani.

Aston Villa – Everton 0:1
Barri, 59. (41635)

Lids – Fulhem 1:0
Nmeça, 90+1. (36300)

Sanderlend – Kristal Pelas 2:1
Le Fe, 33. Brobbi, 71 – Pino, 30. (47257)

Vulverhemton – Nyukasl 0:0
(29751)

Brayton – Bornmut 1:1
Kostulas, 90+1 – Tavernye, 32-p.

1. Arsenal 22 15 5 2 40-14 50
2. Mançester S. 22 13 4 5 45-21 43
3. Aston Villa 22 13 4 5 33-25 43
4. Liverpul 22 10 6 6 33-29 36
5. Mançester Y. 22 9 8 5 38-32 35
6. Çelsi 22 9 7 6 36-24 34
7. Brentford 22 10 3 9 35-30 33
8. Nyukasl 22 9 6 7 32-27 33
9. Sanderlend 22 8 9 5 23-23 33
10. Everton 22 9 5 8 24-25 32
11. Fulhem 22 9 4 9 30-31 31
12. Brayton 22 7 9 6 32-29 30
13. Kristal Pelas 22 7 7 8 23-25 28
14. Tottenhem 22 7 6 9 31-29 27
15. Bornmut 22 6 9 7 35-41 27
16. Lids 22 6 7 9 30-37 25
17. Nottingem Forest 22 6 4 12 21-34 22
18. Vest Hem 22 4 5 13 24-44 17
19. Bernli 22 3 5 14 23-42 14
20. Vulverhempton 22 1 5 16 15-41 8

Bombardirlər: Holann (MS) – 20, Tyaqo (Brentford) – 16, Semenyo (Bornmut) - 10.

Növbəti turun oyunları yanvarın 24-26-sı aralığında keçiriləcək: Vest Hem – Sanderlend, Bernli – Tottenhem, Mançester Siti – Vulverhempton, Fulhem – Brayton, Bornmut – Liverpul, Brentford – Nottingem Forest, Kristal Pelas – Çelsi, Nyukasl – Aston Villa, Arsenal – Mançester Yunayted, Everton – Lids.

Turun rəqəmi
17 – mövsümün əvvəlindən bəri bu qədər oyunda 0:0 hesabı qeydə alınıb. Halbuki ötən mövsüm keçirilən 380 oyundan yalnız 16-sı qolsuz bitmişdi.

Turun ulduzu
Bruno Fernandeş (MY) – portuqaliyalını xüsusi fərqləndirməyə dəyər. Çünkü komandanın əksər hücumları onun üzərində quruldu. Hədsiz sürətli qərar vermək bacarığı göstərən Brunonun il yarıda vurduğu qol ofsayd üzündən sayılmasa da, məhz o, Mbemoya məhsuldar ötürmə verməklə qələbənin təməlini qoydu.

Turun sitatı
Con Terri, “Çelsi”nin sabiq müdafiəçisi:
“Vau! “Mançester Yunayted” necə möhtəşəm oyun göstərdi! Bu, köhnə “Mançester Yunayted”di! Hücumameylli, axıcı futbol, ön xətdə sürət. Karrikin fürsət qazanmasını görmək çox xoşdu”.
Faktlar
* 22-ci turun şənbə və bazar günləri keçirilən 9 oyununda 14 qol vuruldu. Bu, 2022-ci ilin 15-16 oktyabrından bəri 9 və daha artıq oyunun keçirildiyi həftəsonları üçün ən aşağı göstəricidi (onda 9 oyunda 13 qol vurulmuşdu).
* “Aston Villa” son 10 ildə ilk dəfə premyer-liqada “Everton”a uduzdu. Sonuncu belə məğlubiyyət 2016-nın martında qeydə alınmışdı (1:3).
* “Arsenal” “Nottingem Forest”in “çərçivə”yə bir zərbə vurmasına da imkan vermədi. “Meşəçilər”in 6 cəhdinin hamısı uğursuz oldu. “Arsenal” cari mövsümdə 5-ci dəfə bunu bacardı. Premyer-liqada sonuncu dəfə “Çelsi” bir mövsümdə (2020/21) 5 dəfə rəqiblərin qapı çərçivəsinə zərbə vurmasına imkan verməmişdi.
* MS-nin premyer-liqada qələbəsiz oyunlar seriyası davam etdi. “Şəhərlilər” artıq 4 oyundu qələbəyə həsrətdi. Onlar MY-yə məğlubiyyətdən əvvəl “Sanderlend” (0:0), “Çelsi” (1:1) və “Brayton” (1:1) ilə heç-heçə etmişdi.
* “Liverpul” 2026-da premyer-liqada bir qələbə də qazanmayıb. Slotun komandası “Bernli” ilə oyundan (1:1) əvvəl “Arsenal” (0:0), “Fulhem” (2:2) və “Lids” (0:0) ilə də heç-heçəyə razılaşıb.

Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Güclü komanda qalib gəldi. Rəqib səndən güclü olanda bunu qəbul etmək lazımdı. MY daha enerjili idi, bizdə bu çatmadı, odu ki, təbrik edirəm. Çox qorxunc qollar buraxdıq. Oyuna nəzarət edə bilməzdik. Bir dəfə də təhlükə yaratmadıq, asma etmədik, qalib gəlmək üçün heç nə etmədik. Problem bir futbolçu ilə bağlı deyil”.
Maykl Karrik, MY-nin baş məşqçisi:
“Xüsusi gün idi. Komandanı çevik hazırlamalı, fikirlərimi futbolçulara çatdırmalıydım. Oyunçuların və məşqçi korpusunun qeyri-adi dəstəyini hiss etdim. Hələ ki yalnız bir qələbə qazanmışıq, ancaq möhtəşəm başlanğıcdı. Uşaqlar fantastik oyun göstərdi. Onlar öyrənmək, irəli getmək istəyir. Müəyyən şeylərə nail olmaq üçün plan düşündük, hər kəs də öz rolunun öhdəsindən gəldi”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Qalib gəlmək istəyirdik. Oyunun çox çətin olacağını bilirdik. Dörd çox real qol vəziyyəti yaratdıq, üstəlik təmiz penaltimiz verilmədi. Həmin epizodda futbolçu açıq-aşlar topun meydanı tərk etməsinə imkan vermək istəmirdi, tər-təmiz penalti idi. Niyə penalti təyin olunmadı – anlaya bilmədim. Daha yaxşı oynaya bilərdik, ancaq bu liqada hər komandanın başına eyni iş gələ bilər. Sadəcə, qol vəziyyətlərindən yararlanmaq lazımdı”.
Seçilən
54
football-plus.az

1Mənbələr