AZ

Pərdəarxası diplomatiya: Sülh Şurası Bakıya hansı gizli üstünlükləri verir?

Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb. İmzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak ediblər. Bu hadisə ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır.

İlk növbədə qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına Azərbaycanı təsisçi üzv kimi dəvət etməsi və Prezident İlham Əliyevin bu təklifi məmnuniyyətlə qəbul etməsi tam məntiqlidir. Ümumilikdə Azərbaycanın bu təşəbbüsə müsbət yanaşması təəccüblü deyil.

Məsələ ondadır ki, Sülh Şurası Qəzzanın yenidən bərpası və idarə olunması məqsədilə yaradılıb və mahiyyət etibarilə hərbi və ya blok xarakterli qurum deyil. Müqayisə üçün qeyd edim ki, Azərbaycan bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-nin təqdim etdiyi qətnaməni dəstəkləsə də, əraziyə hərbi kontingent göndərməkdən imtina edib. Yəni ölkəmiz üçün əsas olan prosesin mahiyyətidir.

Azərbaycanın Sülh Şurasına təsisçi üzv olması üçün ən real əsas isə onun post-münaqişə təcrübəsinə malik, neytral və konstruktiv aktor olmasıdır.

Məsələn, Bakı 44 günlük İkinci Qarabağ müharibəsindən, eləcə də lokal xarakterli antiterror əməliyyatlarından sonra hərbi əməliyyatları davam etdirmədi. Bundan başqa, Ermənistanın məğlub olmasına baxmayaraq, Azərbaycan qalib mövqedən çıxış edərək sülh danışıqlarında maksimalist deyil, konstruktiv və praqmatik mövqe nümayiş etdirdi. Bunun nəticəsidir ki, bu gün Ermənistanla uğurlu sülh danışıqları aparılır və Vaşinqton görüşündə sülh sazişi paraflanıb. Yəni Bakının iştirakı həm prestij, həm də təcrübə baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, Qəzza məsələsi həm Türkiyə, həm də İran üçün daxili ictimai rəy baxımından olduqca həssas mövzudur və bu ölkələr regiondakı hər bir aktorun mövqeyini diqqətlə izləyir. Azərbaycan bu platformaya qoşulmaqla Qəzza münaqişəsinin həllində söz sahibi olur, lakin eyni zamanda nə hərbçi göndərir, nə də açıq tərəf kimi çıxış edir. Bu isə Bakının manevr imkanlarını genişləndirir və Türkiyə ictimaiyyətində yarana biləcək “niyə kənarda qaldı” tipli təzyiqləri, eləcə də İranın ideoloji ritorikasını neytrallaşdırır.

Bundan əlavə, Sülh Şurası Azərbaycanın ABŞ ilə münasibətlərində yeni və daha institusional bir mərhələnin əsasını qoya bilər. Vaşinqtonla təmasların təkcə ikitərəfli formatda deyil, çoxtərəfli platformada davam etməsi Bakıya əlavə diplomatik alətlər qazandırır. Xüsusilə ABŞ Konqresində illərdir problem yaradan 907-ci düzəliş kimi məsələlərin gündəmdə olduğu bir vaxtda Azərbaycanın Vaşinqtonla eyni masada, eyni təşəbbüs çərçivəsində tərəfdaş kimi çıxış etməsi siyasi etimadı artırır. Bu, dərhal nəticə verməsə də, orta və uzunmüddətli perspektivdə Bakının strateji maraqları üçün daha əlverişli mühit formalaşdıra bilər.

Politoloq Turan Rzayev

Seçilən
49
nocomment.az

1Mənbələr