Bakı, 23 yanvar, AZƏRTAC
Davos İqtisadi Forumunda müzakirə olunan süni intellekt və rəqəmsal həllər Azərbaycanın inkişaf məqsədləri ilə üst-üstə düşür. Ölkəmizin inkişaf strategiyası da məhz bu istiqamətə yönəlib. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, enerji səmərəliliyinin artırılması kimi məsələlər daim diqqət mərkəzində olub.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, bu sahələrə ciddi investisiyalar yatırılır, “ağıllı kənd”, “ağıllı qəsəbə”, rəqəmsal və elektron hökumət layihələri, həmçinin “ASAN Xidmət” kimi təşəbbüslər çərçivəsində müasir texnologiyalardan geniş istifadə olunur.
“Bu, ölkənin ümumi inkişaf prosesinə tam uyğundur. Biznesin süni intellektə hazırlıq səviyyəsi sahədən asılı olaraq dəyişir. Bank sektoru, logistika, pərakəndə ticarət və telekommunikasiya sahələrində süni intellektin tətbiqi artıq aydın şəkildə görünür. Məsələn, bank sektorunda onlayn kreditlər, davranış əsaslı maliyyələşmə, müştərinin banka getmədən qiymətləndirilməsi və kredit limitinin müəyyən edilməsi rəqəmsallaşmanın yüksək səviyyədə inkişaf etdiyini göstərir. Eyni zamanda pərakəndə və onlayn ticarətdə sifarişlərin emalı, xidmət sahəsində müştəri dəstəyi, logistika və telekommunikasiyada icra prosesləri, süni intellekt əsaslı çatbotlar geniş tətbiq olunur. Ümumilikdə, süni intellektin tətbiq imkanları çoxşaxəlidir və artıq real praktikada istifadə edilir”, - deyə Xalid Kərimli vurğulayıb.
Kiçik və orta biznesin süni intellektin gündəlik fəaliyyətinə inteqrasiyasına hələ tam hazır olmadığını deyən ekspert bunun əsas səbəbini əlavə xərclər və yeni rəqəmsal proseslərin qurulması zərurətindən irəli gəldiyini sözlərinə əlavə edib: “Lakin süni intellekti vaxtında və effektiv tətbiq etməyən biznes subyektləri zamanla problemlərlə üzləşəcək, rəqabət üstünlüyünü itirəcək və inkişafda çətinlik yaşayacaqlar. Azərbaycanın Cənubi Qafqaz regionunda əsas üstünlüklərindən biri inkişaf etmiş rəqəmsal dövlət təcrübəsinə malik olmasıdır. Eyni zamanda, ölkənin əlverişli coğrafi mövqeyi Mərkəzi Asiyadan və Qara dənizin dibi ilə keçən kommunikasiya xətləri üçün tranzit imkanlarının genişlənməsinə şərait yaradır.