
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" telekanalına müsahibəsində səsləndirdiyi "Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir" fikri sadəcə bəyanat xarakterli cümlə deyil, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların mahiyyətini göstərən strateji mesaj kimi oxunmalıdır. Bu ifadə, bir tərəfdən, Azərbaycanın Parlament institutu ilə münasibətlərində davranış modelinin dəyişdiyini, digər tərəfdən isə Avropa institutlarının regiondakı rolunun transformasiyasını açıq şəkildə təsvir edir: "Uzun illər boyunca Avropa Parlamenti Azərbaycanın iştirakı ilə bağlı məsələlərə münasibətdə normativ tonla çıxış edərək tənqidi qətnamələr qəbul edib. Lakin bu sənədlər heç vaxt tətbiqedici hüquqi çəkiyə malik olmadığı üçün onların təsir gücü simvolik müstəvidən kənara çıxmayıb. Post-2020 mərhələsində Azərbaycan bu qətnamələri artıq siyasi və diplomatik legitim qərar kimi yox, xarici auditoriyanın subyektiv mövqeyi kimi dəyərləndirməyə başlayıb. Bu isə reaksiyanın azalması və ya ümumiyyətlə aradan qalxması ilə nəticələnib.
Ermənistan-Azərbaycan münasibətlərinə dair qəbul olunan sənədlər və bəyanatlar da eyni tendensiyanın göstəricisidir. Əgər 1990-cı və 2000-ci illərdə Avropa institutları münaqişənin konturlarının formalaşmasına təsir edən aktorlar qismində çıxış edirdilərsə, artıq 2020-ci ildən sonra münaqişə post-faktum mərhələsinə keçərək hərbi-siyasi həllini tapıb. Qarabağ mərhələsi qapandı, sərhəd delimitasiyası və sülh sazişi müzakirəsi gündəliyə gəldi, regional kommunikasiyalar açıq şəkildə masa üzərinə çıxdı. Bu yeni konfiqurasiyada Avropa Parlamentinin sərt bəyanatları prosesə təsir edən faktor deyil, daha çox gecikmiş şərh obrazını yaradır".
Maraqlıdır, dünyada gedən proseslərin önündə gedən Avropa səhvlərini düzəldə bilərmi? Millət vəkili bildirib ki, bu suala cavab sentimental yox, strateji yanaşma tələb edir. Avropa üçün Azərbaycanın artıq ideoloji yox, geoiqtisadi aktor olması gerçəyi mövcuddur: "Xüsusilə Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropa iqtisadiyyatları üçün Xəzər qazı, yaşıl enerji layihələri, kabel və hidrogen xəttləri, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, eləcə də Orta Dəhliz kimi transxəzər marşrutları reallığın diktə etdiyi alternativlərə çevrilib. Eyni zamanda Azərbaycan Türkiyə, Körfəz ölkələri, Çin, Mərkəzi Asiya və Böyük Britaniya ilə paralel əməkdaşlıq platformaları quraraq öz manevr sahəsini genişləndirib. Bu, Avropa üçün seçim imkanlarını məhdudlaşdıran yox, əksinə, praqmatik davranmağa vadar edən amildir.
Bu fonda Avropanın regiona münasibətdə üç mümkün xətti mövcuddur. Birincisi, ən rasional olan praqmatik korrektə xəttidir ki, burada reallıqlar nəzərə alınır və münasibətlər enerji, logistika, təhlükəsizlik və iqtisadi əməkdaşlıq üzərindən yenidən təşkil olunur. İkincisi, ən çox ehtimal olunan simvolik davamiyyət xəttidir. Yəni qətnamələr, tənqidlər və normativ söyləmlər davam edir, lakin münasibətlərə faktiki təsir göstərmir. Üçüncüsü isə ayrışmanın dərinləşməsidir ki, bu halda Avropa Cənubi Qafqazda təsir imkanlarını daha da itirərək yerini Türkiyə, Çin, Rusiya və Körfəz aktorlarına buraxmış olur.
Bütün bu proseslərin fonunda Prezidentin "reaksiya verməmək" modeli Azərbaycanın qərarvermə sistemində baş verən özünəinamlı transformasiyanın nəticəsidir. Ölkə artıq xarici təsdiq mexanizmləri axtarmır, institusional qiymətləndirmələrə ehtiyac duymur və legitimliyin mənbəyini beynəlxalq qətnamələrdən yox, regional nəticələrdən çıxarır. Bu davranış Avropanın siyasi mərkəzlərinə yönəlmiş çox aydın mesajdır ki, reallıq artıq simvolik deyil, nəticə əsaslıdır.
Əgər Avropa bu dəyişiklikləri oxuya bilsə, münasibətlər yeni mərhələyə keçə bilər. Əks halda, Avropa Parlamenti Azərbaycanın siyasi gündəmində mövqeyini daha da itirməklə risk edir. Avropa üçün bu məsələ sadəcə Azərbaycan-Ermənistan xətti ilə məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, Çin-Avropa ticarət xətti, Balkanlar-Qara dəniz-Xəzər üçbucağının geoiqtisadi konfiqurasiyası kimi strateji istiqamətləri də əhatə edir. Məhz bu səbəbdən Avroparlament xəttinin düzgün oxunması və yenilənməsi Avropa üçün ucuz seçim yox, zərurətdir.
Azərbaycanın isə bu mərhələdə tələsməyə ehtiyacı yoxdur. Çünki tərəfdaş alternativləri genişdir, maraqlar çoxkanallıdır və regionun geosiyasi çəkisi hər il artmaqdadır. Bunu nəzərə alanda, dövlət başçısının müsahibədə səsləndirdiyi fikrin mahiyyəti belə xülasə edilə bilər: Azərbaycan normativ qiymətləndirmə obyektindən regional güc subyektinə çevrilib. Bu yeni status yeni dil tələb edir və həmin dil artıq reaksiyadan yox, reallıqdan ibarətdir".

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev Davosda "Euronews" televiziyasına müsahibəsində olduqca mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısı müsahibəsində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq amil olması faktını önə çəkdi. Bu xüsusda ölkəmizin strateji məqsədlərinin milli maraqlar əsasında formalaşdığı qeyd edildi. Eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa tam riayət edərək düzgün strategiya müəyyənləşdirdiyi vurğulandı: "Ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun adım idi: "Artıq beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğu da diqqətə çatdırıldı. Məhz bu xüsusda dövlətimizin başçısının "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi nüfuzlu mükafata layiq görülməsi mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı da bəyan etdi ki, bu yüksək ali mükafat otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında göstərilən səylərə verilən qiymətdir. Bu bir reallıqdır ki, artıq Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar məhz bu realllığı təmin edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasına Azərbaycan tərəfindən məhdudiyyətlərin aradan qaldırılması bu xüsusda vacib əhəmiyyətə malikdir. Bütün bunlar isə dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi Qafqazda uzunmüddətli və əbədi sülhə nail olmaq üçün oldquca təsirli addımlardır. Bu gün Azərbaycan daxilində olan ictimai-siyasi sabitlik sözsüz ki, onun regional və qlobal miqyasda ortaya qoyduğu təşəbbüslərin də reallaşmasında başlıca amildir".
Sevinc Hüseynova hesab edir ki, Dünya İqtisadi Forumunun Davos toplantısı qlobal siyasi və iqtisadi elitanın əsas diskussiya platformalarından biri kimi beynəlxalq gündəmin formalaşmasında mühüm rol oynayır: "Prezident İlham Əliyevin bu mötəbər platformada "Euronews" televiziyasına verdiyi müsahibə isə təkcə cari proseslərə münasibət deyil, eyni zamanda Azərbaycanın dəyişən dünya nizamında öz yerini necə müəyyən etdiyini göstərən strateji baxış kimi dəyərləndirilir. Ölkəmizin başçısının müsahibəsində əsas xətt qlobal beynəlxalq münasibətlər sisteminin dərin transformasiyaya uğramasıdır. Dövlət başçısının "dünyanın artıq qanunun aliliyi ilə deyil, güc amili ilə idarə olunması" barədə fikirləri mövcud geosiyasi reallığın açıq təsviridir. Bu yanaşma beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və böyük güclərin maraqlarının üstün tutulması fonunda formalaşan yeni reallığı ifadə edir. Bu kontekstdə Prezidentin mesajı ondan ibarətdir ki, orta və kiçik dövlətlər idealist yanaşmadan daha çox realist strategiyalar üzərində qurulmuş siyasət yürütməlidir. Azərbaycan da məhz bu reallığı nəzərə alaraq öz təhlükəsizliyini, suverenliyini və milli maraqlarını təmin edən praqmatik xətt seçib".
Alim Hüseynli