Avropa Komissiyası yaxın vaxtlarda Qrenlandiya üçün “əhəmiyyətli investisiya paketi” təqdim edəcək. Bu barədə jurnalistlərə Ursula von der Leyen bildirib. Onun sözlərinə görə, investisiyalar Avropa İttifaqının Qrenlandiya ilə münasibətlərini möhkəmləndirməyə kömək edəcək.
“Biz regiondakı tərəfdaşlarımızla — Böyük Britaniya, Norveç, Kanada, İslandiya və digərləri ilə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrimizi gücləndirməliyik. Qrenlandiya üçün bu, əsl geosiyasi zərurətə çevrilib”, — deyə fon der Lyayen bildirib. O, mətbuat konfransındakı çıxışının videosunu “X” sosial şəbəkəsində paylaşıb.
Ursula fon der Lyayen vurğulayıb ki, Aİ Qrenlandiya üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Onun sözlərinə görə, blok Arktika üçün avadanlıqların, xüsusən də Avropa istehsalı buzqıranın alınmasına vəsait ayıracaq.
ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ-nin Qrenlandiyanı özünə birləşdirmək planlarından danışıb. O, fevralın 1-dən etibarən adanın Danimarkaya məxsusluğunu dəstəkləyən Avropa ölkələrinə qarşı 10 faizlik rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Avropa ölkələri isə ABŞ-yə qarşı “ticarət bazukası”nın işə salınmasına çağırıblar. Yanvarın 22-də Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə danışıqlar zamanı Qrenlandiya üzrə müəyyən plan barədə razılığa gəlib; planın detalları ictimaiyyətə açıqlanmayıb. “Axios”un məlumatına görə, razılaşma ABŞ-yə adada hərbi mövcudluğunu gücləndirməyə və NATO zərurət yarandıqda müdafiə zonaları yaratmağa imkan verəcək.