The Information: şirkətin zərəri 14 milyard dollara çata bilər...
OpenAI şirkəti 2026-cı ildə təxminən 14 milyard dollar həcmində zərər ilə üzləşə bilər.
Poliqon xəbər verir ki, bu barədə The Information nəşri OpenAI-nin yaxın illər üçün inkişaf proqnozlarının yer aldığı daxili maliyyə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, 2026-cı il üçün gözlənilən zərər 2025-ci il üzrə ilkin qiymətləndirilən itkilərdən təxminən üç dəfə çoxdur. Ümumilikdə isə 2023–2028-ci illər dövründə OpenAI-nin yığılan zərərinin 44 milyard dollara çata biləcəyi, yalnız bundan sonra şirkətin mənfəət mərhələsinə keçəcəyi bildirilir. Sənədlərdə qeyd olunur ki, dönüş nöqtəsi 2029-cu il olacaq və həmin il OpenAI təxminən 14 milyard dollar mənfəət əldə etməyi planlaşdırır.
The Information-un yazdığına görə, xərclərin cari tempi əvvəlki gözləntilərlə müqayisədə daha aşağıdır. Son maliyyə ilinin birinci yarısında OpenAI təxminən 340 milyon dollar xərcləyib. Bununla belə, ümumi maliyyə proqnozları hələ də çoxmilyardlı zərərləri nəzərdə tutur. Bu rəqəmlərin bir-biri ilə necə uzlaşdırıldığı isə materiallarda dəqiqləşdirilmir.
Daxili hesablamalara əsasən, OpenAI onilliyin sonuna qədər ümumilikdə təxminən 200 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır. Şirkət gəlirlərin əsas artımını məhsullarının kommersiya inkişafı ilə əlaqələndirir.
Proqnozlara görə, OpenAI-nin kommersiya bölməsi 2029-cu ildə illik 100 milyard dollar gəlir əldə edə bilər. Müqayisə üçün, 2025-ci il üzrə gözlənilən gəlir təxminən 4 milyard dollar səviyyəsindədir. Hesablamalara əsasən, bu gəlirin yarıdan çoxunu ChatGPT təmin edəcək, təxminən 20 faizi tərtibatçılara API vasitəsilə model satışlarından əldə olunacaq, daha 20 faizə yaxını isə video generasiyası, axtarış və süni intellekt əsaslı yeni xidmətlər daxil olmaqla digər məhsulların payına düşəcək.
Poliqon.info