“Ayntraxt”ın idman direktoru Markus Kröşe və komandanın müvəqqəti baş məşqçisi Dennis Şmitt “Qarabağ”a məğlubiyyətdən sonra oyunu dəyərləndiriblər.
İdmanxeber.az xəbər verir ki, Markus Kröşe hesabda önə keçdikdən sonra uduzmağın çox acı olduğunu bildirib:
“Son həftələrdə etdiyimiz eyni səhvləri yenidən təkrarladıq və qələbəni bir növ öz əlimizdən verdik. Hazırda çətin bir mərhələdən keçirik. Çempionlar Liqasından kənar qalmağı tam başqa cür təsəvvür edirdik. İndi əsas məqsəd işləməyə davam etmək, diqqəti Bundesliqaya yönəltmək və eyni zamanda “Tottenhem”ə qarşı oyunda sonadək mübarizə aparmaqdır. Bəzi epizodlarda daha yaxşı oynadıq, lakin oyunun sonlarında yenə əvvəlki həftələrdəki səhvlərə qayıtdıq. Buraxdığımız qollar da oxşar idi. Bu çatışmazlıqları açıq şəkildə təhlil etməli və bütün diqqətimizi “Hoffenhaym”la matça yönəltməliyik”.
Müvəqqəti baş məşqçi Dennis Şmitt isə komandanın məğlubiyyətə baxmayaraq müsbət cəhətlər göstərdiyini vurğulayıb:
“Əlbəttə ki, məyusuq. Oyunçular böyük zəhmət çəkdilər və qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı başlamadıq və erkən qol buraxdıq, amma reaksiyamız yaxşı oldu. Sakit qaldıq və hesabı bərabərləşdirdik. Sonra topa sahib olma və zərbələr baxımından balanslı oyun getdi. Hesabda önə keçsək də, çox tez qol buraxdıq ki, bu da çox ağrılı idi. Buna baxmayaraq, irəliləyiş gördüm. Oyunçular intizamlı idilər və yüksək intensivlik nümayiş etdirdilər. Bu oyunu təhlil edəcəyik, səhvləri açıq müzakirə edəcəyik və “Hoffenhaym”a qarşı qələbə üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, “Ayntraxt” “Qarabağ”a 90+3-cü dəqiqədə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.