Xəbər verildiyi kimi, “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal Mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal Mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb. Bu münasibətlə zavoda media-tur təşkil olunub.
Bu nailiyyət zavodda istehsalatın rəqəmsallaşdırılması, süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi, enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Kutay Durna: “SOCAR Karbamid” regionun ən böyük karbamid istehsalçısıdır
Media-tur zamanı "SOCAR Karbamid" zavodunun direktoru Kutay Durna jurnalistlərə bildirib ki, "SOCAR Karbamid" zavodu regionda ən böyük karbamid zavodudur. Onun sözlərinə görə, müəssisədə istehsalın 12%-i daxili ehtiyacları ödəməsinə yönəldilir. Zavodda istehsal olunan məhsulun qalan hissəsi ixrac olunur: “Zavod 2024-cü ildə Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanadaya məhsul ixrac edib. Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-a da göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir. Zavodun illik istehsal gücü isə 650 min tondur".

Kutay Durna qeyd edib ki, karbamidin dünya bazarında qızıl, neft kimi qiymətləri var: "Bu qiymət həftəlik, gündəlik dəyişir. Məsələn, Misirdə, Səudiyyə Ərəbistanında, Türkiyədə və ya Avropa ölkələrində onun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata bilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərək digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Çünki biz normal ümumi karbamid qiymətinə nisbətən, sırf bu keyfiyyətinə görə onu 10-20 dollar daha baha satdığımız vaxtlar olur".

Direktorun sözlərinə görə, zavodun birinci hədəfi ilk növbədə daxili bazarı ödəməkdir: "Yəni, daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90 %-lik yerdə qalan hissəni ixrac edirik. Hədəfimiz maksimum güclə istehsal etməkdir. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata bilirik. Yəni, bizim sata bilməməklə bağlı problemimiz yoxdur. Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata bilirik."
Emil Alxaslı: Səmərəlilik baxımından hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı 24%-dən çox azaldılıb
Daha sonra "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı jurnalistlərə açıqlamasında məlumat verib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün "Sənaye 4.0"ın tətbiqi trend deyil, təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, müəssisələrdə istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həll yollarıdır: "SOCAR Karbamid" zavodunun "Rəqəmsal Mayak" ("Digital Lighthouse") layihəsi üzrə mükafat almasının əsas səbəbi zavodda icra olunan rəqəmsallaşma, süni intellekt, "Sənaye 4.0"ın tələblərinə uyğun bir sıra həllərin tətbiqi və nəticədə səmərəliliyin, istehsalat gücünün artırılması olub: "Mükafatın verilməsinin səbəblərindən biri plansız duruşların azaldılması və bir sıra tətbiqlərin icra olunması ilə bağlıdır. Bu mükafat əsasən zavodun istismar komandasının gördüyü işlərin nəticəsi və rəqəmsal həllərin tətbiqi nəticəsində səmərəliliyin artırılması və fəaliyyətin yüksəldilməsi istiqamətində görülən işlərlə əlaqədardır. Bu çərçivədə layihə iki il ərzində icra olunub. 2023-cü və 2024-cü illərdə əsas təməllər və ondan sonra analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunub. Bu dövr ərzində zavodun istehsal gücü 21%-dən çox artırılıb. Səmərəlilik baxımından hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı — təbii qaz yanacağı — 24%-dən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün bir sıra həll yollarından istifadə olunub. Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış dayanma müddətində 82% azalma əldə edilib. Həmçinin əməkdaşların 70%-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə işləri həyata keçirilib.”

E.Alxaslı vurğulayıb ki, “SOCAR Karbamid” Mərkəzi Asiya regionunda və Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu platformaya qoşulan ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir: “Bundan öncə “Petkim” neft-kimya kompleksi və “Star” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı təqdim olunub.”
Enerji Şəbəkəsinin Optimallaşdırılması Modeli ilə dayanıqlı istehsal
Məlumat verildi ki, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda “SOCAR Karbamid” zavodunun fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Belə ki, SOCAR “Caspian AI” İnstitutunu təsis edərək mövcud avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsini, süni intellekt modellərindən istifadəni, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsini genişləndirib.

Süni intellektə əsaslanan, tam avtonom idarəetmə sistemi ammiak və karbamid bölmələrində qərar qəbuletmə proseslərini istiqamətləndirir. Bu sistem istehsalat dəyişkənliyini təhlil edir, zavodun performans sabitliyini artırır və enerji istehlakını minimuma endirməyə kömək edir.
Zavodun süni intellekt mexanizmləri güclü APC infrastrukturunun üzərində qurulduğundan bu ikiqat yanaşma fəaliyyətdə nəzərəçarpacaq performans artımlarını təmin edir.
“SOCAR Karbamid” zavodunda ən vacib avadanlıqları üzərində proqnozlaşdırıcı texniki xidmət modelləri tətbiq olunub ki, bu ağıllı siqnal modelləri vibrasiya, temperatur, təzyiq və axın məlumatlarını fasiləsiz təhlil edərək, nasazlıqları əvvəlcədən müəyyənləşdirir. Bu sistem tam avtomatlaşdırılıb və texniki xidmət prosesləri ilə inteqrasiya olunub, avtomatik iş sifarişləri yaradır və həm profilaktik, həm də vəziyyətə əsaslanan texniki xidmət strategiyalarını dəstəkləyir.

Səmərəlilik və davamlılıq zavodun transformasiyasının əsasını təşkil edir. Süni intellektlə təchiz olunmuş Enerji Şəbəkəsinin Optimallaşdırılması Modeli zavodun enerji və buxar şəbəkəsini real vaxtda simulyasiya edir və buxar balansı hesablamalarını, avadanlıq səmərəliliyi proqnozlarını, qazan yüklərinin optimallaşdırılmasını, ssenari əsaslı optimallaşdırma təkliflərini təmin edir.
“Global Lighthouse Network”: Sənaye 4.0 üzrə qabaqcıl təcrübələrin beynəlxalq platforması
Məlumat üçün bildirək ki, 2018-ci ildə təsis olunan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. Süni intellektdən və digər 4-cü Sənaye İnqilabı texnologiyalarından düzgün istifadə edən, istehsalat sahələrində və dəyər zəncirlərində yüksək nəticələr əldə edən, innovativ yanaşmalar sayəsində əməliyyat effektivliyini artıran, ətraf mühitə təsiri azaldan və bazar dəyişikliklərinə daha çevik reaksiya vermək imkanı qazanan şirkətlər bu şəbəkəyə qoşulmaq imkanı əldə edir. “Global Lighthouse Network” platforması üzv müəssisələrə təcrübə mübadiləsi aparmaq, görüşlər keçirmək, yeni əməkdaşlıqlar qurmaq üçün əlavə imkanlar yaradır.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”