Bakı, 22 yanvar, AZƏRTAC
Son illər beynəlxalq təhlükəsizlik sistemində dərin böhran müşahidə olunur və BMT Təhlükəsizlik Şurası böyük güclər arasındakı rəqabət və veto mexanizmi səbəbilə effektivliyini itirib. Bu şəraitdə ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurası BMT-ni əvəz etmək deyil, onun real münaqişələrdə yerinə yetirə bilmədiyi funksiyaları tamamlayan praktik və icrayönümlü mexanizm kimi formalaşıb. Şura normativ-hüquqi çərçivədən çox siyasi iradə, güc balansı və nəticə yönümlü yanaşma üzərində qurulub və selektiv xarakteri onun effektivliyinin əsas şərtidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yadigar Nağıyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın Sülh Şurasında həmtəsisçi ölkə kimi yer alması isə sırf geosiyasi mövqeyə deyil, konkret siyasi nəticələrə əsaslanan liderlik modelinin məntiqi nəticəsidir: “Prezident İlham Əliyevin apardığı ardıcıl, rasional və uzunmüddətli xarici siyasət nəticəsində Azərbaycan son onillikdə regional aktor statusundan çıxaraq beynəlxalq proseslərə real təsir göstərə bilən dövlətə çevrilib. Xüsusilə İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər Azərbaycanın yalnız hərbi gücünü deyil, eyni zamanda, siyasi iradəsini, strateji planlama qabiliyyətini və qərarlılığını nümayiş etdirdi. Bu Zəfər münaqişələrin “sonsuz danışıqlar” yox, real güc və beynəlxalq hüquq sintezi ilə həll oluna biləcəyini ortaya qoydu ki, bu yanaşma ABŞ-ın yeni sülh konsepsiyası ilə tam uzlaşır. Bu liderlik modelinin beynəlxalq səviyyədə qəbulunun mühüm göstəricilərindən biri də Prezident İlham Əliyevin 13 oktyabr 2025-ci ildə Şarm Əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı oldu. Yaxın Şərq diplomatiyasında simvolik əhəmiyyətə malik məkanda Azərbaycan Prezidentinin iştirakı Bakının artıq yalnız Cənubi Qafqazla məhdudlaşmayan sülh gündəliyinə sahib olduğunu nümayiş etdirdi. Bu sammit Azərbaycanın regional münaqişələrdə birbaşa tərəf olmayan, lakin postmünaqişə təcrübəsinə malik etibarlı aktor kimi qəbul edildiyini göstərdi və Azərbaycanın sülh istehsal edən dövlət modeli beynəlxalq platformada faktiki şəkildə tanındı”.
O bildirib ki, postmünaqişə dövründə Ermənistanla normallaşma prosesi, regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizi perspektivi və Cənubi Qafqazın inteqrasiya gündəliyi Azərbaycanın sülh quruculuğu potensialını daha da gücləndirib. ABŞ üçün bu proses ideoloji çağırışlardan daha çox, konkret və ölçülə bilən nəticələr verən regional sabitlik nümunəsidir. Bu model Sülh Şurasının praktik və nəticəyönümlü fəlsəfəsinin real təcəssümü kimi çıxış edir.
“Enerji layihələri Azərbaycanın Sülh Şurasındakı rolunu strateji baxımdan tamamlayan əsas sütunlardan biridir. Cənub Qaz Dəhlizi, Avropanın enerji təhlükəsizliyinə verilən töhfələr və Azərbaycanın etibarlı enerji təchizatçısı imici Vaşinqton üçün təkcə iqtisadi deyil, eyni zamanda, geosiyasi əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi ilə regional sabitlik arasında qurulan bu əlaqə Azərbaycanın Şurada həmtəsisçi statusunu struktur və məntiq baxımından möhkəmləndirir”, - deyə politoloq qeyd edib.
Y.Nağıyev əlavə edib ki, perspektivdə Sülh Şurasının institusionallaşması ilə Azərbaycanın rolu daha da dərinləşə bilər. Bu çərçivədə Bakı yalnız Cənubi Qafqazda deyil, Yaxın Şərq və Avrasiya kəsişməsində etibarlı dialoq platforması və praktik vasitəçilik mərkəzi kimi mövqeyini gücləndirə bilər.