AZ

Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması ölkəmizin qlobal sülh gündəliyində artan rolunun göstəricisidir ŞƏRH

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla yanaşı, ölkəmizin regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı mühüm rolun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu dəvət, ilk növbədə, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, liderlik keyfiyyətləri, təhlükəsizlik və sülh sahəsində irəli sürdüyü təşəbbüslər, eləcə də dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasətin nəticəsi kimi dəyərləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyini sədri Tural Nurməmmədov deyib.

T.Nurməmmədov qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 13-də Misir Ərəb Respublikasının Şərm əl-Şeyx şəhərində keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakı da Azərbaycanın beynəlxalq sülh gündəliyində fəal rol oynadığını bir daha nümayiş etdirib: “Sammit çərçivəsində dövlət başçısının səsləndirdiyi fikirlər, münaqişələrin siyasi-diplomatik yollarla həllinə dair çağırışları və əməkdaşlıq təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb. Azərbaycanın Cənubi Qafqazda sülhyaratma prosesində lider rolu ayrıca vurğulanmalıdır. Regionda yaranmış yeni reallıqlar fonunda ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri, kommunikasiyaların açılması, etimad mühitinin formalaşdırılması və uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş təkliflər Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olduğunu göstərir. Məhz bu təcrübə Azərbaycanın beynəlxalq sülh platformalarına verə biləcəyi töhfələri daha da aktuallaşdırır”, - deyə QHT sədri vurğulayıb.

O bildirib ki, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyəti uzunmüddətli xarakter daşıyır. Ölkəmiz indiyədək müxtəlif beynəlxalq sülhməramlı missiyalarda iştirak edib, qlobal təhlükəsizlik təşəbbüslərinə töhfələr verib, humanitar və sabitləşdirici layihələrdə fəal mövqe nümayiş etdirib. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini və məsuliyyətli aktor kimi mövqeyini təsdiqləyir.

“Sülh Şurasına təsisçi üzv kimi dəvət olunma da məhz bu ardıcıl və məqsədyönlü siyasətin, beynəlxalq tərəfdaşlar tərəfindən formalaşmış etimadın nəticəsidir. Azərbaycan bu platforma çərçivəsində də sülhün təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəal iştirak etməyə hazır olduğunu bəyan edir, - deyə T.Nurməmmədov əlavə edib.

Seçilən
125
1
azertag.az

2Mənbələr