2025-ci ildə Səudiyyə Ərəbistanı humanitar yardım üzrə ərəb ölkələri arasında birinci, dünyada isə ikinci yerdə qərarlaşıb.
Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, bu barədə humanitar yardımlar haqqında məlumat Maliyyə izləmə platformasının (FTS) 2025-ci il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, Səudiyyə Ərəbistanı ötən il dünyaya 2,03 milyard ABŞ dolları həcmində humanitar yardım edərək qlobal yardımların təxminən 8,5 faizini təşkil edib.
Belə ki, Səudiyyə Ərəbistanı Yəmənə 656,8 milyon ABŞ dolları yardım edərək donor ölkələr arasında birinci, Suriyaya 341,6 milyon ABŞ dollar yardım edərək isə ikinci yeri tutub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Yardımı Komitəsinin (DAC) 2024-cü il hesabatına əsasən isə Səudiyyə Ərəbistanı "iştirakçı və müşahidəçi" statusuna malik olan 16 qeyri-üzv donor ölkə arasında həm yardımın həcminə, həm də yardımın Ümumi Milli Gəlirdəki (ÜMG) payına görə ikinci yerdə qərarlaşıb.
Krallığın göstərdiyi yardımın məbləği 20,823 milyard rial (təxminən 5,553 milyard dollar) təșkil edib ki, bu da milli gəlirin 0,45%-nə bərabərdir.
Həmin hesabatın nəticələrinə əsasən, Krallıq həm üzv, həm də qeyri-üzv olmaqla 48 donor ölkə arasında inkişaf yardımlarının həcminə görə 10-cu yerdə, yardımın Ümumi Milli Gəlirdəki payına görə isə 14-cü yerdə olub.