AZ

Zayed İnsan Qardaşlığı Mükafatı: Azərbaycan diplomatiyasına qlobal etimadın rəmzi- ÖZƏL 

"Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis olunan "Zayed İnsan Qardaşlığı Mükafatı" 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan-Azərbaycan sülh sazişinə layiq görülməsi  Azərbaycan diplomatiyasının qlobal səviyyədə ən yüksək təltiflərdən biri ilə qeyd olunmasıdır". 
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Bu mükafat, 2019-cu ildə Papa Fransisk və Əl-Əzhər Böyük İmamı Əhməd ət-Təyib tərəfindən imzalanmış "İnsan Qardaşlığı Sənədi"nin ruhunda yaradılmış, Şeyx Zayed bin Sultan Əl Nəhyanın humanitar irsinə əsaslanan beynəlxalq nüfuzlu təltifdir. Mükafatın  Azərbaycan-Ermənistan sülh müqaviləsinə-2025-ci il avqustun 8-də ABŞ-da paraflanmış tarixi sənədə verilməsi, 30 ildən artıq davam edən münaqişənin sona çatdırılması və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsini ifadə edir. Belə beynəlxalq mükafatların ölkələrarası dialoq və əməkdaşlığın təşviqində rolu çox böyükdür. Onlar sadəcə simvolik təltif deyil, həm də qlobal sülh gündəliyində konkret nailiyyətləri ön plana çıxarır, digər ölkələrə nümunə olur və dialoq mədəniyyətinin yayılmasına təkan verir. "Zayed Mükafatı" kimi prestijli təltiflər münaqişələrin həllində siyasi iradənin, kompromisə getməyin və birgəyaşayış prinsipinin nə qədər dəyərli olduğunu bütün dünyaya göstərir. Bu cür mükafatlar vasitəsilə sülh prosesləri daha geniş auditoriyaya çatdırılır, beynəlxalq təşkilatlar, dövlətlər və ictimaiyyət arasında müsbət impuls yaranır, gələcək təşəbbüslər üçün əlverişli mühit formalaşır.
Prezident İlham Əliyevə bu mükafatın verilməsi Azərbaycan diplomatiyasının beynəlxalq aləmdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Azərbaycanın 30 illik işğala son qoymaqla yanaşı, sülhə nail olmaq iqtidarında olması, regionda sabitlik yaradan lider dövlət kimi tanınması bu təltiflə bir daha təsdiqlənir. Müstəqil qlobal münsiflər heyətinin - keçmiş Avropa Şurası Prezidenti Şarl Mişel, Afrika İttifaqı Komissiyasının keçmiş sədri Mussa Faki Mahamat, UNICEF rəhbəri Ketrin Rassel və digər yüksək səviyyəli şəxslərin qərarı ilə verilmiş bu mükafat Azərbaycanın beynəlxalq arenada etibarlı, məsuliyyətli və sülhsevər tərəfdaş imicini möhkəmləndirir. Bu, eyni zamanda, ölkəmizin qlobal humanitar və sülh gündəliyində aktiv iştirakını vurğulayır, BƏƏ, Vatikan və digər nüfuzlu qurumlarla əlaqələri daha da dərinləşdirir.
Gələcək sülh təşəbbüsləri baxımından bu mükafat yeni imkanlar açır. Cənubi Qafqazda sülhün bərqərar olması artıq reallığa çevrilib və bu nailiyyət digər regionlarda - Yaxın Şərqdə, Afrikada, Asiyada münaqişələrin həlli üçün ilham mənbəyi ola bilər. Azərbaycanın sülh modeli-ərazi bütövlüyünün bərpası ilə yanaşı, qonşularla davamlı əməkdaşlıq qurmaq-beynəlxalq sülh platformalarında daha çox müzakirə olunacaq. Mükafat Azərbaycana regional inteqrasiya layihələrində, nəqliyyat dəhlizlərinin inkişafında, iqtisadi əməkdaşlıqda liderlik etmək üçün əlavə siyasi kapital qazandırır. Eyni zamanda, bu təltif gələcək nəsillər üçün birgəyaşayış mədəniyyətinin təbliğində mühüm rol oynayacaq, Azərbaycanın sülhə sadiqliyini bütün dünyaya nümayiş etdirəcək.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı bu uğur ölkəmizin qlobal sülh arxitekturasındakı yerini möhkəmləndirir, milli qürur mənbəyidir və gələcək nəsillərə əmin-amanlıq, əməkdaşlıq və qardaşlıq mirası qoyur. Bu mükafat Azərbaycan xalqının haqq işinin beynəlxalq səviyyədə təsdiqidir və ölkəmizin parlaq gələcəyinə inamı daha da artırır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
50
olaylar.az

1Mənbələr