AZ

Avrasiyada yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsi

Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib. Tədbirdə Azərbaycan və daha geniş bölgə üçün regional rifahın təmin edilməsi, iqtisadi imkanların yaradılması mövzusunda Azərbaycan rəhbərliyi ilə müzakirələr aparılıb. Sualları cavablandıran Prezident İlham Əliyev ölkəmizin prioritetlərinə, bağlantıların yaradılması, daşımalar, energetika sahələrində və əlbəttə ki, iqtisadi inkişaf üzrə regional qovşaq kimi Azərbaycanın artan roluna diqqət çəkib.

İqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın birinci prioritetidir

Uzun illər ərzində ölkəmiz üçün əsas prioritet enerji sektoru olub. Çünki  zəngin resurslar respublikanın iqtisadi nailiyyətlərini artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib. Bu gün enerji layihələrinin böyük hissəsi artıq tamamlanıb. Əlbəttə ki, bu sahədə fəaliyyətlər gələcəkdə də davam etdiriləcək. Lakin indiki mərhələdə ölkənin əsas prioriteti artıq qeyri-enerji sektoru, yəni neft və qazdan kənar sahələrdir. “İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Artıq iki iri bərpaolunan enerji elektrik stansiyasını istismara vermişik və növbəti 6 il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücümüzü əhəmiyyətli dərəcədə artıracağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bildirildiyi kimi, respublikamız 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyir. Ölkənin Günəş və külək potensialı çoxdur. Artıq bir neçə layihə üzrə müqavilələr bağlanıb və hazırda enerji toplanması məntəqələrinin yaradılması, ötürücü xətlərə investisiya qoyuluşu ilə bağlı müzakirələr aparılır. Dövlət başçısının bildirdiyi kimi, məqsədimiz yaşıl enerjinin ixracıdır. Bununla bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev deyib: “Məlumat mərkəzlərinə gəldikdə isə hesab edirik ki, Azərbaycan sərmayədarlar üçün əsas mərkəzlərdən birinə çevrilə bilər. Birincisi, enerji ucuzdur. İkincisi, əlavə potensialımız var. Hətta bu gün istifadə etmədiyimiz və ötürmə imkanlarının məhdudluğu səbəbindən ixrac edə bilmədiyimiz 2 giqavat elektrik enerjimiz mövcuddur.

Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionumuzda heç bir ölkə bu qədər əlavə gücə malik deyil. Əksər ölkələr idxaldan asılıdır”.

Qeyri-neft sektorunda daha bir mühüm sahə isə mədənçilikdir. Ölkəmiz üçün bu sahə  nisbətən yenidir. Bunun səbəbləri barədə danışan Prezident İlham Əliyev “Çünki nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək. Potensialın mövcudluğu sovet dövründə aparılmış araşdırmalardan məlumdur, lakin o texnologiyalar tamamilə köhnə idi.

Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir”, - deyə vurğulayıb.

Azərbaycanın regionda artan rolu və nüfuzu

Ölkəmizin regionda artan rolu həm də bağlantılarla əlaqədardır. Əvvəlki mərhələdə ölkəmiz neft və qaz kəmərlərinin tikintisi üzrə bağlılıq fəaliyyətləri həyata keçirib. Son olaraq Azərbaycanın moderatorluğu ilə Cənub Qaz Dəhlizi inşa olunub. Bakıdan İtaliya sahillərinə qədər uzanan, ümumi uzunluğu təxminən 3500 kilometr olan və bir neçə ölkədən keçən Cənub Qaz Dəhlizi ən mürəkkəb qaz kəməri layihələrindən biridir. Dövlətimizin başçısının bildirdiyi kimi, bunu etmək asan deyildi. Çünki boru kəmərinin keçdiyi bütün ölkələrin hökumətləri ilə ev sahibi ölkəsi müqavilələrini, kommersiya şərtlərini və tarifləri razılaşdırmaq tələb olunurdu. Ancaq artıq bütün çətinliklər geridə qalıb.  Boru kəməri 5 ildir ki, fəaliyyət göstərir. Bundan əvvəl isə Azərbaycan neft boru kəmərinin çəkilməsinə nail olub.  2006-cı ildə Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan əsas ixrac boru kəmərinin - Bakı - Tbilisi-Ceyhanın açılışı baş tutub ki, bu da ilk bağlılıq layihəsi idi.

Nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr də bağlantıların daha da möhkəmlənməsinə güclü təsir göstərir. “Sonra artıq qonşu ölkələrlə qurulmuş münasibətlər əsasında biz nəqliyyat sahəsində bağlılıq layihələrinə sərmayə yatırmağa başladıq. Biz başlanğıcını Azərbaycandan götürən, Gürcüstan və Türkiyə ərazisindən keçən, oradan Avropaya və Aralıq dənizi limanlarına gedən dəmir yolu xəttinə investisiya yatırdıq. Beləliklə, bu layihə qismən Azərbaycandan Qərbə doğru ərazini əhatə edirdi. İndi isə biz Azərbaycandan Şərq istiqamətində layihə haqqında düşünürük”, - deyə Prezident İlham Əliyev bildirib.

Regionda Azərbaycanın iştirakı ilə bağlantıların genişlənməsi yalnız ölkəmizin resursları və əlverişli coğrafi mövqeyi ilə bağlı deyil. Bu, həm də ölkəmizin xoş mərama əsaslanan siyasəti ilə şərtlənir. Bunun da nəticəsi olaraq region dövlətlərinin ölkəmizə inamı artır. Qürurverici haldır ki, Azərbaycan  ötən il Mərkəzi Asiya Ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü olub. Azərbaycanın regionda artan nüfuzundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Bu, beş Mərkəzi Asiya ölkəsinin prezidentləri tərəfindən qəbul olunmuş Beşlik formatını Altılıq formatına çevirmək məqsədilə yekdil qərar idi. Biz bunu Azərbaycana hörmət əlaməti, göstərdiyimiz səylərin qiymətləndirilməsi kimi qəbul edirik. Həmçinin bunu müdriklik əlaməti kimi də qəbul edirik, çünki bu gün Azərbaycandan yan keçmək o deməkdir ki, siz sanksiyalar altındakı ərazilərdən keçməlisiniz. Digər iki variant da mövcuddur, lakin onların hər ikisi Azərbaycandan Şimala və Cənuba - sanksiyaların qüvvədə olduğu zonalardan keçir ki, bu da həm mal göndərənlər, həm də, ilk növbədə, alıcılar üçün rahat deyil. Beləliklə iş elə gətirib ki, Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir”.

Qeyd olunduğu kimi, indiyədək Azərbaycan öz nəqliyyat infrastrukturuna - dəniz limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara böyük həcmlərdə sərmayələr yatırmağa nail olub. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin, dəniz limanının ötürücülük qabiliyyətini artırmaq qərarına gəlib. Birinci layihə artıq tamamlanıb, dəniz limanının genişləndirilməsi layihəsinin icrası isə intensiv şəkildə davam etdirilir. “Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı da Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Xarici investorlar üçün cəlbedici məkan

Tədbirdə Prezident İlham Əliyevin vurğu etdiyi kimi, aparılan investisiya və islahatlar siyasətinə  uyğun olaraq, ölkədə işsizlik və yoxsulluğu beş faiz səviyyəsinədək azaltmaq mümkün olub. Paralel şəkildə, respublikamızda orta seqment hesab olunanların sayı artır ki, bu da alıcılıq qabiliyyətininin yüksəlməsinə öz müsbət təsirini göstərir. Hazırda ölkədə əmlak bazarında bum yaşanmasının ən mühüm səbəblərindən biri məhz daxili investorlar qismində çıxış edən orta təqəbənin güclənməsidir.

Qeyd olunduğu kimi, bu gün Bakıda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata keçirilir. Onlardan biri “Ağ Şəhər”dir. Bu, şəhərin içində olan bir şəhərdir. Gələcək bir neçə ildə burada təxminən 50 min insan məskunlaşacaq. Digəri isə həm də turizm məkanı olan “Sea Breeze” adlanır. Bu layihənin tərkibinə əyləncə xarakterli obyektlər, hotellər və yaşayış binaları daxildir. Layihə hazırda 6 kilometrdən çox sahə boyunca uzanır və hətta daha da böyüyəcək. “Digər tikinti layihələrini nəzərə almadan, sadəcə, bu iki layihədə satış göstəriciləri onu nümayiş etdirir ki, böyük tələbat var. Mənzil və evləri alanların 70 faizindən çoxu yerlilərdir. Bu, iqtisadi islahatlara və iqtisadi inkişafa görə insanların alıcılıq qabiliyyətinin artdığını göstərir. Eyni zamanda, bu nisbət onu da göstərir ki, Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Seçilən
144
yeniazerbaycan.com

1Mənbələr