AZ

Rüfət “Zirə”yə keçsə də, Antalyaya getmədi - belədə komandaya hansı faydanı verə bilər?

“Zirə”nin Antalyadakı təlim-məşq toplanışı bitdi. Maraqlı məqam ondan ibarətdi ki, qəsəbə təmsilçisi Antalyaya tam heyətlə getməmişdi. İcarəyə götürülən Rüfət Abdullaza Bakıda qalmışdı.

Suallar yaranır: niyə? Toplanışa aparılmayan futbolçu niyə transfer olunub? Onsuz da Rüfət oyun praktikası sarıdan əziyyət çəkir. Bundan sonra komandaya uyğunlaşması, formasını bərpa etməsi də nə qədər çəkəcək. Mətbuat konfransında Rəşad Sadıqov sual verəcəyik ki, “Rüfət niyə oynamır”, cavab verəcək ki, “hazır deyil”. Hazır olmaq üçün də Antalyaya getmək lazım idi. “Varajdin”dən “Zirə”yə ona görə gəldi ki, oynasın, indi də qalacaq ortalıqda.

Klubun mətbuat katibi Elmar Abdullazadədən səbəbini soruşduq, bildirdi ki, şəxsi səbəblərdən gələ bilməyib. Təlim-məşq toplanışına da qoşula bilmirsə, necə olacaq? Rüfətin özündən soruşduq, heç bir cavab vermədi.

Ümid edək ki, Rüfətin “Zirə” karyerası “Varajdin”dəkinə bənzəməz. Rüfətin “Zirə”yə ehtiyacı olduğu qədər “Zirə”nin də ona ehtiyacı var. Amma formada olan Rüfətə. Rüfət yox e, Abubakar da, Ronaldo da formada olmasa, heç kimə lazım deyil. Komandaya xeyir vermək lazımdı. Bunun üçün də təlim-məşq toplanışına qatılmaq. Çox güman, Rüfət bu gün fərdi və fiziki məşqlər edir. Komandaya uyğunlaşmaq, Rəşad Sadıqovun da onu tanıması üçün yaxşı şans yarandı, lakin bundan istifadə edə bilmədi. Rəşad Sadıqov Qurban Qurbanovun yolu ilə gedir. Toplanışında iş başında görmədiyi, məşqlərdə sınamadığı oyunçulara şans verməz. Ən azı ilk turlarda.

Qarşıdan “Neftçi” ilə ağır oyun gəlir. Bu oyunda qələbə vacibdi. Amma “ağ-qaralar” asan təslim olmayacaq, bundan sonra bütün qarşılaşmalara final gözü ilə baxacaq. Bu oyunda icarəyə götürülən, amma hazır olmayan Rüfət isə “Zirə” üçün növbəti itkidi.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
30
1
football-plus.az

2Mənbələr