36 ailənin yurd həsrəti sona çatdı
Tarix bəzən səssiz yazılır. Bəzən isə qürurla, dik duruşla, gözlərdə işıqla. Xankəndiyə ilk köç də məhz belə bir tarixdir - səssiz deyil, amma hay-küylü də yox, təmkinli, ləyaqətli və mənalı... Xankəndi artıq təkcə bir şəhərin adı deyil. Bu ad yaddaşın, mübarizənin, səbrin və qayıdışın simvoluna çevrilib. Uzun illər həsrətində olduğumuz bu ünvan bu gün gerçək həyatla, insan nəfəsi ilə, uşaqların səsi ilə yenidən canlanır.
162 nəfər doğma yurduna qovuşdu...
Dünən - yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi reallaşıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb. Onların Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılanıb.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu ehtiramla yad olunub. Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur.
S.Qəhrəmanov vurğulayıb ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir. O, qeyd edib ki, əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda, bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.
“Uzun illər Xankəndidə yaşamışıq”
Xankəndiyə köçən keçmiş məcburi köçkün Rübabə Abbasova söyləyib ki, uzun illər Xankəndidə yaşayıb: “Bu səbəbdən də yaşadığımız yerlər bizim üçün çox dəyərlidir. İndi isə çox çətin günlərdən sonra sağ-salamat qayıdırıq.
Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlıqlarını heç vaxt unutmayacağıq. Qazilərimizə şəfa diləyirəm.
Bizə yaradılan bu şəraiti görə təşəkkür edirəm. Xankəndidə ikiotaqlı evlə təmin olunmuşuq. Məcburi köçkün düşəndə səkkiz nəfərlik ailə idik, hazırda isə qızımla geri qayıdırıq”.
“Xankəndiyə böyük bir sevinc və minnətdarlıq hissi ilə qayıdırıq”
Keçmiş məcburi köçkün Ülviyyə Quliyevanın sözlərinə görə, bu gün yurdumuza qayıdırıq və qəlbimiz böyük bir sevinc və minnətdarlıq hissi ilə doludur: “Uşaq vaxtı oradan ayrıldığım gündən bu günə qədər Ramana qəsəbəsində yaşamışıq”.
O, yaradılan şəraitə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirib: “Onun qayğısı və diqqəti sayəsində ailəmiz üçün yeni imkanlar açıldı, uşaqlarımız xoşbəxt və təhlükəsiz bir mühitdə böyüyəcək”.
“Vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir”
Keçmiş məcburi köçkün Familə Pəniyeva söyləyib ki, otuz üç il əvvəl Xankəndidən çıxmalı olduq və uzun illərdən sonra Vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir.
Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə təşəkkür edib: “Evlərimiz püşkatma yolu ilə müəyyən edilib və bundan sonra təhlükəsiz şəraitdə yaşaya biləcəyik.
Oradan çıxanda çox çətinliklər yaşamışdıq, amma heç birimiz ümidimizi itirmədik. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram”.
Şəhəri şəhər edən insandır...
Keçmiş məcburi köçkünlərimizin Xankəndiyə üz tutması təkcə ev dəyişmək deyil, həm də gələcəyə investisiya, sabaha inam deməkdir. Son dövrlərdə Xankəndidə görülən işlər bu inamın təsadüfi olmadığını göstərir. Şəhərin infrastrukturu mərhələli şəkildə yenilənir. Yollar bərpa olunur, kommunikasiya xətləri çəkilir, elektrik, su və qaz təchizatı müasir standartlara uyğunlaşdırılır. Bu işlər təkcə texniki xarakter daşımır - onlar Xankəndinin yenidən yaşanacaq bir şəhər olduğunu sübut edir.
Xüsusi diqqət sosial infrastruktura yönəlib. Təhsil və səhiyyə müəssisələrinin bərpası və yenidən təşkili prioritet məsələlərdəndir. Məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin fəaliyyətə hazırlanması göstərir ki, Xankəndi yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün planlaşdırılır. Çünki şəhər yalnız binalardan ibarət deyil - şəhəri şəhər edən insandır.
Eyni zamanda, Xankəndidə inzibati və ictimai idarəetmə sistemi formalaşdırılır. Dövlət qurumlarının fəaliyyəti, hüquq-mühafizə orqanlarının işi şəhərdə sabitliyin və təhlükəsizliyin təmin olunduğunu göstərir. Bu isə köç etməyi düşünən insanlar üçün ən vacib amillərdən biridir.
Xankəndinin iqtisadi potensialı da diqqət mərkəzindədir. Kiçik və orta sahibkarlığın inkişafı üçün imkanlar yaradılır, xidmət sektoru genişlənir, yeni iş yerləri formalaşdırılır. Bu, köçün yalnız emosional deyil, həm də iqtisadi baxımdan əsaslandırılmış olmasına şərait yaradır. İnsan bilməlidir ki, köçdüyü yerdə təkcə yaşayış deyil, dolanışıq da mümkündür.
Xankəndiyə köçmək qorxmadan yaşamağı, öz torpağında sahib kimi addımlamağı ifadə edir. Bu proses bir dövlətin postmünaqişə mərhələsində göstərdiyi siyasi iradənin canlı təzahürüdür. Xankəndinin küçələri yenidən ritm tapır. Bu ritm quruculuğun, bərpanın, dinc həyatın ritmidir...
Yeganə BAYRAMOVA