AZ

Finlandiya bu ölkələrin yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirəcək

Finlandiya, Norveç və İsveçin şimal bölgələrində arktik şəraitdə xarici təhdidlərə cavab verməyə həsr olunan “Cold Response” adlı genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Finlandiyanın milli teleradioyayımçısı Yle məlumat yayıb.

Finlandiya Silahlı Qüvvələrinin briqada generalı Manu Tuominen Yle-yə açıqlamasında bildirib ki, NATO planlarına uyğun birgə təlimlərin birbaşa Finlandiya ərazisində keçirilməsi ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu, çəkindirmə və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.

General Tuominen qeyd edib ki, təlimlər çoxmillətli əməkdaşlığın inkişafına və təhlükəsizlik mühitində baş verən dəyişikliklərə sürətli reaksiya vermək bacarığının artırılmasına xidmət edəcək. “Əsas məqsəd logistikanın, qoşunların daşınması və cəmləşdirilməsinin funksionallığını yoxlamaqdır”, – deyə o əlavə edib.

“Cold Response” 2026-cı ilin əsas hərbi təlimi hesab olunur və NATO ölkələrinin mürəkkəb arktik şəraitdə fəaliyyət bacarıqlarının artırılmasına yönəlib. Təlimlər Norveçin rəhbərliyi ilə 9–20 mart tarixlərində keçiriləcək və 14 ölkədən təxminən 25 min hərbçi iştirak edəcək.

Finlandiyada təlimlərə 7,5 min hərbçi cəlb olunacaq. Onların yarıdan çoxu – 4 min nəfər – ABŞ, Böyük Britaniya, Fransa və İtaliya da daxil olmaqla digər NATO ölkələrindən quru və hava yolu ilə gətiriləcək.

Manu Tuominenin sözlərinə görə, real təlim döyüşlərinin əsas hissəsi Rovayarvi poliqonunda və Sodankülä ətrafında keçiriləcək. Burada eger briqadasının arktik şəraitdəki təcrübəsindən istifadə olunacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
128
konkret.az

1Mənbələr